“Latviyada məktəblilərə təhsil müəssisələrinin ərazisində, hətta dərsdənkənar vaxtlarda belə rus dilində danışmağı qadağan ediblər”.
Bizim.Media xəbər verir ki, bu barədə Riqa Şəhər Dumasının deputatı Aleksey Roslikov “RIA Novosti” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, radikal mövqedə olan bəzi latış siyasətçilər rus dilini “yalnız məişət dili” kimi təqdim edir və bu dilin ictimai müstəvidə istifadəsini məhdudlaşdırmağa çalışırlar:
“Bir sıra qanunlar qəbul olunub. Məsələn, şagirdlərə məktəb ərazisində, hətta sərbəst vaxtlarında belə dövlət dilindən başqa dildə danışmaq qadağan edilir. Bu isə əslində rus dilinə qarşı dolayı qadağadır”, – deyə o qeyd edib.
Deputat əlavə edib ki, hazırda bəzi müəllimlər və hətta uşaq bağçalarında çalışanlar rusdilli uşaqların öz ana dillərində ünsiyyət qurmasına da mane olmağa çalışırlar.
Onun iddiasına görə, ölkədə getdikcə daha çox hallarda latış dilində danışmayan şəxslərə xidmət göstərilməsindən imtina edilməsi faktları da qeydə alınır.
Qeyd edək ki, 2025-ci ilin iyununda Latviyanın parlamenti ruslaşdırmanın “linqvistik nəticələrinin aradan qaldırılması” ilə bağlı bəyannamə layihəsini müzakirə edib. Həmin iclasda Roslikov rus dilinin qorunmasının vacibliyini müdafiə etmişdi.
Bizim.Media



































































































