Rusiya ordusu Ukraynanın müxtəlif bölgələrinə, o cümlədən mülki infrastruktur obyektlərinə genişmiqyaslı hava hücumları təşkil edib.
Bizim.Media xəbər verir ki, zərbələr nəticəsində yanacaq anbarları, su bəndləri, liman qurğuları və təcili yardım maşınları zərər görüb.
Krivoy Roq şəhərində dron hücumundan sonra güclü yanğın baş verib. Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib ki, zərbə yanacaq anbarına endirilib, lakin xoşbəxtlikdən itki qeydə alınmayıb.
Eyni zamanda, Xarkov vilayətinin Çuquyev rayonunda yerləşən mühüm strateji obyekt - Peçenejsk bəndi Rusiyanın 6 idarə olunan aviabombası ilə hədəfə alınıb. Vilayət rəhbəri Oleq Sinequbov bəndin region üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Odessa vilayətinin İzmail limanına endirilən zərbələr nəticəsində isə Panama bayrağı altında üzən xarici gəmi və liman avadanlıqları zədələnib.
Hücum zamanı bir texniki xidmət stansiyası (STO), 2 sərnişin avtobusu, bir neçə minik avtomobili və bir təcili yardım maşını sıradan çıxıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya gecə ərzində 129 dron və 4 raketlə hücum edib. Onlardan 114 PUA və bir raket məhv edilib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Ukraynaya məxsus 97 dronun zərərsizləşdirildiyini, Lipetsk vilayətinin Yelets şəhərində bir qadının həlak olduğunu bildirib.
Bizim.Media
































































































