Çuğundur şirəsinin müntəzəm qəbulu yaşlı insanlarda qan təzyiqinin aşağı düşməsinə və ürək-damar sisteminin sağlamlığının qorunmasına kömək edə bilər.
Bizim.Media xəbər verir ki, bu qənaətə İngiltərənin Ekseter Universitetinin tədqiqatçıları gəliblər.
Araşdırmanın nəticələri “Free Radical Biology and Medicine” jurnalında dərc olunub.
Tədqiqatda yaşı 30-dan aşağı olan 39 nəfər və 60–70 yaş aralığında olan 36 nəfər iştirak edib. İştirakçılar iki həftəlik iki mərhələdə nitratla zəngin çuğundur şirəsi və ya nitrat olmayan plasebo içkisi qəbul ediblər.
Alimlər müəyyən ediblər ki, gündə iki dəfə çuğundur şirəsi içən yaşlı iştirakçıların qan təzyiqində nəzərəçarpacaq azalma müşahidə olunub. Gənclərdə isə ağız boşluğunun mikrobiomunda dəyişikliklər qeydə alınsa da, oxşar təsir aşkarlanmayıb.
Mütəxəssislərin fikrincə, bu prosesdə ağız boşluğundakı mikroorqanizmlər mühüm rol oynaya bilər. Onlar qida vasitəsilə qəbul edilən nitratların azot oksidinə çevrilməsində iştirak edir. Azot oksidi damarların genişlənməsinə və qan təzyiqinin tənzimlənməsinə kömək edir.
Yaş artdıqca orqanizmdə azot oksidinin istehsalı azalır. Bu isə ürək-damar xəstəlikləri riskini yüksəldə bilər.
Tədqiqat müəlliflərinin sözlərinə görə, yaşlı insanlarda çuğundur şirəsinin qəbulu ağız boşluğundakı bakteriyaların tərkibinə təsir göstərərək bu prosesin yaxşılaşmasına şərait yarada bilər.
Bununla belə, alimlər vurğulayırlar ki, çuğundur şirəsi hipertoniya əleyhinə dərman müalicəsini əvəz etmir. Lakin xüsusilə yaşlı insanlar üçün sağlam qidalanmanın əlavə elementi kimi faydalı ola bilər.
Bizim.Media

































































































