Folklor nümunələri istər şifahi, istərsə də yazılı ədəbiyyatda oxucuların daim maraq göstərdiyi əsərlər sırasındadır. Elə bir ev tapmaq çətindir ki, orada xalq nağıllarından, atalar sözlərindən, bayatılardan ibarət bir topluya rast gəlinməsin. Sadə və anlaşıqlı dili, maraqlı süjetləri, zəngin obrazları ilə seçilən bu nümunələr daim oxucu diqqətini qoruyub saxlayır.
Folklor biznesə çevriləndə...
Bu baxımdan, folklor nümunələrinin toplanıb çap edilməsi nəşriyyat evləri üçün həm oxucu auditoriyasını genişləndirmək, həm də yeni müştərilər qazanmaq baxımından cəlbedicidir. Ona görə də tələbatı nəzərə alan nəşriyyatlar xalq yaradıcılığı nümunələrini toplayaraq, müasir oxucu zövqünə uyğun tərtib edib çap edirlər.
Lakin folklorun kommersiya məqsədilə nəşri yalnız bazar maraqları ilə məhdudlaşmır. Bu proses milli-mədəni irsin qorunması, folklorun mənşəyinin düzgün göstərilməsi və müəlliflik hüquqlarının nəzərə alınması kimi məsələləri də diqqətdə saxlayır ki, naşirlər bunu nəzərdən qaçırmamalıdırlar.
Bəs nəşriyyatlar və fərdi yazarlar folklor nümunələrini kitab şəklində toplayıb nəşr edərkən hansı qaydalara əməl etməlidirlər? Xalq yaradıcılığı nümunələrindən kommersiya məqsədilə istifadə etmək üçün xüsusi icazə tələb olunurmu?
Yazar və ya naşir folklor nümunələrindən istifadə edərək kommersiya məqsədilə kitab nəşr etdirə bilər. Lakin bu, bütün hallarda istənilən mətni köçürmək hüququ demək deyil. İstifadə qaydası folklor nümunəsinin növündən, götürüldüyü mənbədən və nəşrə necə daxil edilməsindən asılıdır.
Belə ki, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə əsasən, ölkə ərazisində folklor nümunələrindən ənənəvi və adi istifadə formaları, o cümlədən kommersiya məqsədli istifadə sərbəstdir.
Yazar xalq arasında mövcud olan nağılları, atalar sözlərini toplayıb kitab şəklində sata bilər. Ancaq folklorun mənbəyini gizlətmək və ya onu öz müəllif əsəri kimi təqdim etmək qadağandır.
Qanunun 9.1.3-cü maddəsi folkloru özününkü kimi qələmə verməyi və onun həqiqi mənbəyi barədə oxucunu yanlış istiqamətləndirməyi hüquq pozuntusu sayır. 9.1.4-cü maddəsi isə folklorun bilərəkdən təhrif olunaraq ölkənin mədəni maraqlarına zərər vurulmasını qadağan edir.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:40 / 20.10.2026
Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!
Hazırda oxunan: Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!
Hazırda oxunan: Milli irsi pula çevirən naşirlər - Xalqın yaratdığını satarkən diqqətli olun!
643261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































