"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır. Bu məsələdə mövqeyimiz hər zaman açıq olub: imtahanın çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır".
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında açıqlayıb:
"İmtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssürat heç də həmişə real mənzərəni əks etdirmir. Eyni zamanda, konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılması daha məqsədəuyğundur. Lakin diqqətinizi başqa bir məqama yönəltmək istəyirəm.
Hazırda DİM-də imtahan proqramları ilə bağlı seminarlar keçirilir. Təəssüf ki, bu müzakirələrdə iştirak səviyyəsi kifayət qədər aşağıdır.
Halbuki imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz indidir.
Biz hər il imtahanlardan əvvəl proqramları və imtahan modellərini ictimaiyyətə təqdim edir, müəllimləri, ekspertləri və digər maraqlı tərəfləri müzakirələrə dəvət edirik. Məqsədimiz yalnız məlumatlandırmaq deyil, həm də fərqli fikirləri dinləmək, təklifləri öyrənmək və mümkün suallara əvvəlcədən aydınlıq gətirməkdir.
Ötən il bu məsələyə daha dərindən baxmaq, imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək üçün anonim sorğular da keçirdik.
Sorğular həm imtahandan əvvəl, həm də sonra aparıldı. Əldə etdiyimiz nəticələri təhlil edərək məqalə şəklində hazırlamışıq və sizinlə bölüşürük. Hər kəsi bu məqaləni oxumağa, təqdim olunan nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə dəvət edirəm.
İnanıram ki, faktlara və təhlillərə əsaslanan müzakirələr həm mövcud mənzərəni daha düzgün qiymətləndirməyə, həm də qarşılıqlı anlaşmaya kömək edə bilər. İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək.
Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir. Məqaləni oxumağınızı və fikirlərinizi bizimlə bölüşməyinizi istərdim".
Bizim.Media

































































































