Bir zamanlar Mustafa Kamal Atatürkün rəhbərliyi ilə dünyəvi dövlət modeli əsasında qurulan, müasirlik və dünyəvilik yolunu seçən Türkiyədə bu gün tamamilə fərqli vəziyyət hökm sürür.
İslamçı-nurçu ideoloji kursunu əsas götürən Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti illərində cəmiyyətdə dini radikalizmin güclənməsi, insanların həyat tərzinə müdaxilə cəhdləri və fərqli düşüncələrə qarşı dözümsüzlük mütəmadi hala çevrilib.
Son günlərdə isə radikal dindarların törətdiyi insidentlərin sayı kifayət qədər artıb.
Dini fanatizmin hədəfi
İstanbulun “İstinyePark” ticarət mərkəzində həm İsrail, həm də Türkiyə vətəndaşı olan sosial media influenseri Kloyda Medina Halfonun pro-Fələstinli və radikal islamçı bir qrupun hücumuna və ağır şifahi təzyiqlərinə məruz qalıb. Hadisə zamanı təxribatı törədən şəxslərin influenseri açıq şəkildə provokasiyaya çəkdiyi aydın görünür. Yalnız hüquq-mühafizə orqanlarının hadisə yerinə cəlb olunmasından sonra insidentin qarşısı alınıb.
Təbii ki, Fələstin məsələsinə həssas yanaşma, İsrail hökumətinin siyasətinin tənqidi və beynəlxalq hadisələrlə bağlı fərqli mövqelər normal haldır. Ancaq siyasi mövqedən asılı olmayaraq kiminsə təhqirə, təhdidə və fiziki təzyiqə məruz qalması qəbuledilməzdir.
“Burger King” müştərilərinə hücum: Boykot çağırışından aqressiyaya
Ankarada bir qrup dindarın “Burger King” restoranının müştərilərinə hücum etməsi ilə bağlı yayılan görüntülər də eyni problemin başqa bir tərəfini göstərir. Hücum edənlərin gətirdiyi arqument isə gülünc və sadədir: “Burger King” İsraillə bağlıdır...
Yapon mədəniyyəti də radikalların hədəfində
Məsələnin ən maraqlı tərəflərindən biri isə radikal qrupların hücumlarının İsrail və yəhudilərlə məhdudlaşmamasıdır. Belə ki, bir neçə gün əvvəl İstanbulun Ümraniyə rayonunda yapon mədəniyyətinə, anime və manqaya həsr olunmuş ənənəvi “KonohaFest” festivalına hücum edilib.
Türkiyə mətbuatının məlumatına görə, dini şüarlar səsləndirən bir qrup festivalın keçirildiyi əraziyə daxil olaraq gənclərin geyimlərinə və tədbirin məzmununa etiraz edib. Yapon mədəniyyətini İslam dəyərlərinə zidd hesab edən radikallar festivalın qadağan olunmasını tələb edib, stendləri dağıdıb və avadanlıqlara ziyan vurublar. Polis müdaxiləsindən sonra təşkilatçılar təhlükəsizlik səbəbindən tədbiri vaxtından əvvəl dayandırmağa məcbur olublar.
Atatürkün Türkiyəsinin gəldiyi vəziyyət
Mustafa Kamal Atatürkün qurduğu respublikanın əsas ideyalarından biri dövlət idarəçiliyinin dünyəvi prinsiplər üzərində qurulması idi. Bu model Türkiyənin müasir dövlət kimi formalaşmasında mühüm rol oynayıb, uzun illər qorunub-saxlanılıb.
Lakin AKP yarandıqdan sonra hakimiyyətə gəlmək üçün dini həssaslıqları siyasi alətə çevirdi. Üstəlik, Fətullahçılar başda olmaqla təriqətlər, nurçu cərəyanlar da bu prosesdə AKP-yə xüsusi dəstək göstərdilər. Ona görə də AKP iqtidara gəldikdən sonra təriqətlərlə münasibətlərini inkişaf etdirdi, hakimiyyətini qorumaq üçün onlara hər cür şəraiti yaratdı.
Ona görə də, bu gün Türkiyədə müşahidə olunan mənzərəni yalnız ayrı-ayrı radikal qrupların davranışları ilə izah etmək mümkün deyil. AKP hakimiyyətinin illər ərzində dini amili siyasi mübarizənin mühüm alətinə çevirməsi, islamçı-nurçu ideoloji xəttin ictimai və siyasi mühitdə mövqelərinin güclənməsi bu cür insidentlərin mütəmadi baş verməsinin əsas səbəbidir.
Dünyəvilik siyasi maraqlara qurban veriləndə
Bu gün AKP dini kəsimin dəstəyini qoruyub saxlamaq üçün, dini şüarlar altında həyata keçirilən təzyiqlərə göz yumur, hətta yaşıl işıq yandırır. Radikal qrupların hərəkətlərinə göz yumulması, onların qanun çərçivəsində məsuliyyətə cəlb olunmaması və ya bu cür davranışların qarşısının alınması isə cəmiyyətdə təhlükəli qənaət formalaşdırır: guya dini şüarlar səsləndirməklə qanunu pozmaq, başqalarının hüquqlarını məhdudlaşdırmaq və fərqli həyat tərzinə müdaxilə etmək mümkündür.
Belə bir mühitin yaranması isə təkcə ictimai asayişə deyil, Türkiyənin dünyəvi respublika ənənələrinə də zərbə vurur. Bunun nəticəsidir ki, Türkiyənin Əfqanıstanla müqayisə olunması siyasi ritorikada adi hala çevrilib. Biz isə nurçu-islamçı AKP-nin qardaş ölkəni bu hala salmasını ürək ağrısı ilə izləyirik...
Bizim.Media-nın analitik qrupu

- A-
- A
- A+
Siyasət
13:21 / 20.10.2026
Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO
Hazırda oxunan: Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO
Hazırda oxunan: Atatürkün Türkiyəsi TANINMAZ HALDA– VİDEO
643242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































