Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

Hazırda oxunan: Bakı-Moskva-Bakı reysləri DAYANDIRILDI

641369

Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

Bu barədə Bizim.Media-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib. Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. 

Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir.

Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar. Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin