Azərbaycanda hakimlərin sayı artırılacaq.
Bu barədə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov yerli mətbuata müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda hər 100 min nəfərə təqribən 7 hakim düşür:
“Avropada isə orta göstərici 21-dir. Məsələn, Türkiyədə hər 100 min nəfərə 19 hakim düşür, İtaliya, Fransa və İspaniya kimi ölkələrdə isə bu göstərici 11–12 hakim arasında dəyişir. Qonşu Gürcüstanda hər 100 min nəfərə 10 hakim düşür. Biz Azərbaycanda hakimlərin sayını qısa müddət ərzində nəzərdə tutulmuş ştat sayına — 800 nəfərə çatdırmaq niyyətindəyik”.
İnam Kərimov vurğulayıb ki, hazırda məqsəd təkcə hakimlərin sayını artırmaq deyil, həm də müasir kommunikasiya imkanlarından və elektronlaşmadan istifadə edərək bu sahədə insan əməyinə olan ehtiyacı daha da optimallaşdırmaqdır.
Bəs, hakimlərin azlığı hansı problemlər yaradır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ruslan Mustafayev deyib ki, həm vəkillər, həm hüquqşünaslar, həm də məhkəmə prosesinə cəlb olunmuş vətəndaşlar proseslərin uzun çəkməsindən bir qayda olaraq şikayətçidirlər:
“Məhkəmə proseslərinin uzun çəkməsinin də subyektiv və obyektiv səbəbləri var. Praktika göstərir ki, hakim məhkəmə prosesini təxirə salanda növbəti iclası 10-15-gündən sonraya yox, 1-2 aydan sonraya təyin edir. Bu da müəyyən narazılıq yaradır. Amma araşdıranda bəlli olur ki, hakimin icraatında o qədər çox işlər var var ki, onların hamısının prosesini keçirtmək vacibdir.
İşlərin çoxluğu səbəbiylə hakim baxdığı ən son işi yaxın vaxtlara təxirə sala bilmir. Məcburiyyətdən daha uzun müddətə iş təxirə salınır. Belə olan təqdirdə həm vəkillərdə, həm də vətəndaşlarda müəyyən narahatlıq yaranır. Doğrudur, vəkillər mənzərəyə bələd olduqları üçün narazılıq etmir. Amma vətəndaşlar narazılıqlarını gizlətmir.
Baxmayaraq ki, son illərdə məhkəmə-hüquq sistemində aparılan islahatlar hesabına həm hakimlərin sayı, həm də işin keyfiyyəti artıb. Bununla belə hakimlərin artırılması yenə də gündəmdə qalır. Çünki hakimlərin kifayət qədər olması birbaşa vətəndaş məmnunluğuna xidmət edir. O zaman proseslər daha operativ və obyektiv aparıla bilər”.
Surxay Atakişiyev, Bizim.Media




























































































