Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirildi - FOTO - VİDEO

Hazırda oxunan: Gəncədə Anım Günü ilə bağlı ümumşəhər tədbiri keçirildi - FOTO - VİDEO

639032

Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, tədbirlər çərçivəsində ilk olaraq Heydər Əliyev adına Mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.
 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları və digər rəsmilər abidə önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.


Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək məqsədilə Gəncə Şəhidlər Xiyabanında ümumşəhər tədbiri keçirilib.

Tədbirdə rəsmilərlə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbi qulluqçuların adlarının əks olunduğu abidə ziyarət edilib, daha sonra şəhidlərin fotoşəkillərindən ibarət lövhəyə baxış keçirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Mərasimdə 27 sentyabr 2020-ci il tarixinin Azərbaycanın 30 illik işğala son qoyulmasına və tarixi Zəfərə aparan yolun başlanğıcı olduğu vurğulanıb.
 

44 gün davam edən Vətən müharibəsində Ordumuzun qəhrəmanlığı və 8 noyabrda Şuşanın azad olunması ilə Zəfərin tamamlandığı diqqətə çatdırılıb. Qeyd olunub ki, Anım Günü Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ehtiramın ifadəsidir və onların fədakarlığı gələcək nəsillər üçün hər zaman nümunə olacaq.


Din xadimi tərəfindən şəhidlərin ruhuna dualar oxunduqdan sonra, saat 12:00-da ölkə miqyasında olduğu kimi, Gəncədə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda rəsmilər və ictimaiyyət nümayəndələri “Əbədi məşəl” abidəsinin və şəhidlərin məzarları üzərinə gül dəstələri düzüblər.

Xatırladaq ki, 27 Sentyabr – Anım Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən təsis olunub.































Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin