Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi

Hazırda oxunan: Mingəçevir xəstəxanasında oğurluq: Palata yoldaşının kartını götürüb marketlərdə xərclədi

637063

Mingəçevirdə xəstəxanada müalicə olunan şəxsin bank kartını götürərək müxtəlif mağazalarda alış-veriş edən şəxsə hökm oxunub.

Bizim.Media "qaynarinfo.az"a istinadla xəbər verir ki, məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah niyyəti ilə özgəsinin əmlakını ələ keçirmək məqsədilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin Nevrologiya bölməsində stasionar müalicə alan zərərçəkmiş şəxsin pul kisəsində saxladığı bank kartını onun xəbəri olmadan götürüb.

Bundan sonra həmin kartdan istifadə etməklə Mingəçevirdə müxtəlif marketlərdə çox sayda alış-veriş edib.

İş materiallarında göstərilir ki, kart vasitəsilə bir çox marketdə müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilib. Alış-verişlərin məbləği ayrı-ayrı əməliyyatlar üzrə 1.7 manatdan 65.8 manatadək dəyişib.
 

Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımayıb.


Təqsirləndirilən şəxsin sözlərinə görə, 2025-ci ilin sentyabr ayında Mingəçevir şəhərində, Dostluq parkında oturacaqlardan birinin üzərində plastik kart görüb. Kartı götürdükdən sonra sahibini tapmağa çalışsa da, bunu bacarmayıb.

Daha sonra həmin kart hesabından istifadə edərək özünə ərzaq və digər zəruri məhsullar almaq qərarına gəldiyini deyib. O, əvvəlcə "yaxınlıqdakı marketə getdiyini, daha sonra isə Mingəçevir ərazisində yerləşən müxtəlif mağazalarda həmin kartla alış-veriş etdiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluğun informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə törədilməsi) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bununla yanaşı, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı və tutulduğu ümumilikdə 3 gün 1 günə 2 gün hesabı ilə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin