Az bişmiş (qanlı) steyklərin istehlakı qurd (helmint) xəstəliklərinə yoluxma ilə nəticələnə bilər.
Bizim.Media xəbər verir ki, bunu “NEWS.ru” saytına müsahibəsində cərrah Aleksandr Umnov bildirib. Bundan əlavə, onun sözlərinə görə, belə bir yemək menyusu meningit və artritlə də nəticələnə bilər.
“Son illər az bişmiş steyklər olduqca populyarlaşıb. Ət tikəsinin içində qırmızı liflərin qaldığı tam bişirilməmə dərəcəsi "medium" və ya "medium rare" adlanır. Lakin bu təam bakterial infeksiyanın — məsələn, kampilobakteriozun mənbəyinə çevrilə bilər. Bu infeksiya enterokolit, meningit, ürək-damar sisteminin zədələnməsi, artritə səbəb ola bilər, hətta düşüyə (hamiləliyin pozulmasına) yol aça bilər. İştahaaçan steykin içində öküz soliteri kimi qurdlar da ola bilər”, - deyə Umnov xəbərdarlıq edib.
O qeyd edib ki, insanın bağırsağında sağ qalan sürfə yetkin lentşəkilli qurda çevrilir və onun uzunluğu 25 metrə qədər çata bilər. Cərrahın sözlərinə görə, parazit sahibinin hesabına qidalanaraq mineral və vitamin çatışmazlığına, intoksikasiyaya və ümumi vəziyyətin pisləşməsinə səbəb olur.
“Ağırlaşmalar zamanı appendisit, bağırsaq keçməməzliyi, xolesistit, pankreatit və hətta peritoneal abseslər (irinləmələr) yarana bilər. Hər bir halda müalicə olunmaq, şəxsi əşyaları dezinfeksiya etmək və dispanser qeydiyyatında qalmaq lazım gələcək. Dəbdə olan steyk həm sağlamlıq, həm də büdcə üçün sözün əsl mənasında çox baha başa gəlir.
Hətta yeməyin tərkibində infeksiya və qurdlar olmasa belə və alınan məhsul yüksək keyfiyyətli olsa belə, az bişmiş ətin uzunmüddətli istehlakı orqanizmə olduqca mənfi təsir göstərir. Məsələ burasındadır ki, qırmızı liflərin tərkibində purin əsasları var ki, onlar da sidik turşusuna çevrilir. Bu isə podaqra (duzlaşma) və sidik-daş xəstəliyinin əsas səbəblərindəndir”, — deyə Umnov fikrini yekunlaşdırıb.
Firuzə Alimova, Bizim.Media






























































































