Yay aylarında Neftçalanın Xıllı qəsəbəsinin yaxınlığında maraqlı təbiət mənzərəsi formalaşır, ucsuz-bucaqsız çöllük sanki qar örtüyünə bürünür. Lakin bu, qar deyil, Günəşin istisi nəticəsində yaranan təbii duz təbəqəsidir. Yerli əhali arasında həmin ərazi “Duzdağ” kimi tanınır.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Xıllı qəsəbəsindən bir neçə kilometr aralıda yerləşən “Duzdağ” illərdir diqqəti cəlb edir. Yay aylarında əraziyə gələn insanlar burada yaranan duzdan istifadə edirlər.
Sakinlərin sözlərinə görə, “Duzdağ”ın yaranması ilə bağlı müxtəlif rəvayətlər nəsildən-nəslə ötürülüb. Bildirildiyinə görə, ərazi vaxtilə Xəzər dənizinin suları altında olub, suyun geri çəkilməsindən sonra isə burada duz yataqları formalaşıb. Qış aylarında burada qrunt suları üzə çıxır. Yayda hava istiləşəndə su tədricən buxarlanır, burada qalın duz təbəqəsi qalır. Bu mənzərə hər il təkrarlanır.
Sakinlər bildirirlər ki, əvvəllər “Duzdağ”ın ərazisi daha geniş olub. İllər keçdikcə təbii amillərin təsiri ilə sahə azalıb. Onların bildirdiklərinə görə, duz layının tam formalaşması təxminən 40 gün çəkir. Yayın sonlarında yağan ilk yağışlar zamanı isə duz təbəqəsi tədricən əriyərək yox olur.
“Duzdağ”dan toplanan duzdan yalnız Neftçala sakinləri istifadə etmirlər, digər rayonlardan gələnlər də ərazidən duz aparırlar. Xüsusilə heyvandarlıqla məşğul olan təsərrüfat sahibləri bu təbii məhsula maraq göstərirlər.


Bizim.Media






























































































