Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

Hazırda oxunan: Qusarda Azərbaycan Dili Günü münasibətilə “Yaradıcılıq günü” keçirildi - FOTO

628662

Qusar şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət və İstirahət Parkı artıq şəhər sakinlərinin və qonaqların kütləvi istirahət məkanına, müxtəlif mədəni-kütləvi tədbirlərin mütəmadi keçirildiyi mərkəzə çevrilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iyulun 31-də parkda 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ərəfəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Elza İbrahimova adına Qusar şəhər Uşaq İncəsənət Məktəbinin, Qusar Rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qusar Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Yaradıcılıq günü” keçirilib.

Tədbir çərçivəsində parkda kitab sərgisi təşkil olunub. Sərgidə yerli və xarici müəlliflərin bədii, elmi, publisistik əsərləri, habelə uşaq ədəbiyyatı nümunələri nümayiş etdirilib. Eyni zamanda, rəsm və əl işləri sərgisi, almaz mozaika və digər dekorativ-tətbiqi sənət nümunələri təqdim olunub.  
 

Tədbir iştirakçılarına ana dilimizin tarixi kökləri, milli əlifbamızın keçdiyi inkişaf yolu haqqında geniş məlumat verilib, şagirdlər tərəfindən vətənpərvərlik və ana dili mövzularında şeirlər səsləndirilib. 


Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar sərgi ilə tanış olublar.

Sərgiyə baxış zamanı rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov sakinlərin, xüsusilə uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün parkın ərazisində daimi kitab guşəsinin, rəsm və yaradıcılıq guşələrinin yaradılması təşəbbüsü ilə çıxış edib. Rayon rəhbəri qeyd edib ki, belə maarifləndirici tədbirlərin keçirilməsi gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ədəbi-bədii yaradıcılığa marağın artırılması və mədəni həyatın daha da canlandırılması məqsədinə xidmət edir.


























Aytəkin Alxaslı, Bizim. Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin