Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək

Hazırda oxunan: Yeddi körpənin yanaraq öldüyü mərkəz təmir ediləcək

628634

Respublika Perinatal Mərkəzinin əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

Bizim.Media “iqtisadiyyat.az”a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnnovasiya və Təchizat Mərkəzi bununla əlaqədar hazırlıqlara başlayıb.

İlkin mərhələdə əsaslı təmir və yenidənqurmanın layihə-smeta sənədlərinin hazırlanması işləri həyata keçiriləcək.

Sözügedən işlərin layihə-smeta sənədlərinin hazırlanmasına 388 min manat vəsait sərf olunacağı proqnozlaşdırılıb.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
 

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yeni doğulmuş körpə ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.


Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehriban Abasquliyeva 7 il 3 ay, Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin