“TikTok”da nişanlı cütlüyün yaxınlarının toy mərasimində etdiyi rəqsin görüntülərini öz hesabında paylaşan şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media xəbər verir ki, buna səbəb 24 yaşlı Cahandar Haqverdiyevin (ad-soyad şərtidir) həmin görüntüləri silməsi müqabilində nişanlı cütlükdən hədə-qorxu ilə pul tələb etməsi olub.
Belə ki, bu işdə zərərçəkmiş kimi tanınan şəxslər toyda milli rəqsə oynadıqları zamanı çəkilən videolarının başqa hesabda paylaşılmasını görüb və həmin şəxsə yazaraq görüntülərin silinməsini tələb ediblər.
Qarşı tərəf isə bunun üçün cütlükdən 30 manat pul istəyib.
20 manata da razılaşacağını bildirən təqsirləndirilən şəxs, istəyinə nail ola bilmədikdən sonra, onların fotolarının üzərinə təhqiredici sözlər yazaraq paylaşıb.
Cinayət Məcələsinin 148-1 və 182.1-ci maddələri ilə təqsirləndirilən şəxs məhkəmənin hökmünə əsasən, 3 il müddətinə azadlıqdan məhrum edilib. (xitab24.az)
Bizim.Media

































































































