Bu il ali təhsil müəssisələrinə qəbul imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Aysu Sakit qızı Məhərrəmlidir. O, qəbul imtahanında 400, buraxılış imtahanında isə 297,5 olmaqla ümumilikdə 697,5 bal toplayıb.
Bizim.Media xəbər verir ki, Aysu Məhərrəmli AZƏRTAC-a müsahibəsində bildirib ki, uğur qazanmaq yolunda qarşısına çıxan çətinliklərə baxmayaraq məqsədindən dönməyib.
“İmtahana hazırlaşdığım iki il ərzində çətinlik çəkdiyim vaxtlar çox olub. Ancaq ilk növbədə ailəmin, daha sonra isə müəllimlərimin dəstəyi sayəsində heç vaxt ruhdan düşmədən yoluma davam etmişəm”, – deyə o qeyd edib.
Yüksəl bal toplayan abituriyent hazırlıq dövründə ən çox çətinlik çəkdiyi fəndən də söz açıb:
“Ən çox çətinlik çəkdiyim fənn Azərbaycan dili olub. Buraxılış imtahanında buraxdığım yeganə səhv də elə bu fəndən idi. Bu sahədəki çətinliyimin öhdəsindən daha çox test işləməklə və oxuyub-anlama bacarıqlarımı inkişaf etdirməklə gəlmişəm”.
“Müəllimlərimiz aşağı siniflərdən biliyimizi möhkəm təməl üzərində formalaşdırıblar. Hazırlıq dövründə də daim yanımızda olublar, başa düşmədiyimiz mövzuları izah edərək əlavə tapşırıqlar üzərində işləyiblər. Repetitor müəllimlərimin rolu isə əvəzsizdir. Onların dəstəyi olmasaydı, bu nəticəni əldə etmək çox çətin olardı”, – deyə abituriyent əlavə edib.
Aysu Məhərrəmli məktəb illərində müxtəlif olimpiada və bilik yarışlarında da iştirak edib.
Respublika fənn olimpiadalarında dörd dəfə iştirak edərək final mərhələsinə qədər yüksəlib. Həmçinin “Brainiacs” beynəlxalq olimpiadasının ilk mərhələsində bürünc medal qazanaraq finala vəsiqə qazanıb. Lakin final mərhələsi xarici ölkədə keçirildiyindən həmin yarışda iştirak edə bilməyib.
Müsahibimiz Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi ixtisası üzrə təhsil almaq istədiyini söyləyib.
“Balaca yaşlarımdan texnologiyaya böyük marağım olub. Kompüterdə yeni proqramlar öyrənmək, müxtəlif sistemlərlə işləmək və texnologiyanın imkanlarını araşdırmaq məni həmişə cəlb edib. Məhz buna görə təhsilimi informasiya təhlükəsizliyi istiqamətində davam etdirmək qərarına gəlmişəm”, – deyə Aysu Məhərrəmli bildirib.
O, magistratura təhsilini də eyni istiqamət üzrə davam etdirməyi planlaşdırır. Əsas məqsədi seçdiyi sahədə dərin biliklərə yiyələnmək və peşəkar mütəxəssis kimi formalaşmaqdır.
Aysu Məhərrəmli həmyaşıdlarına tövsiyəsində planlı və intizamlı çalışmağın vacibliyini qeyd edib.
“Gələcəkdə daha rahat həyat qurmaq üçün müəyyən müddət ərzində bəzi şeylərdən imtina etmək və çətinliklərə dözmək normal haldır. Əsas odur ki, məqsədinizdən yayınmayasınız. Bu yolun sonunda yaşanan sevinc bütün zəhmətə dəyər”, – deyə o bildirib.

Bizim.Media







































































































