Bu müəllimlər artıq repetitorluqla məşğul ola bilməyəcək

Hazırda oxunan: Bu müəllimlər artıq repetitorluqla məşğul ola bilməyəcək

626510

2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, artıq bu təmayüllü tədris modeli bir neçə ildir ki, pilot layihə kimi həyata keçirilir və məqsəd də birbaşa repetitorluq asılılığını azaltmaq və yaxud bu sistemi mümkün qədər fərqli formada təqdim etməkdir:

"Bu gün artıq pilot layihə kimi həyata keçirilən məktəblərin nəticələri var. Ona görə də Elm və Təhsil Nazirliyi təkcə Bakı şəhərində 30-dan artıq məktəbdə bunun yenidən tətbiqinə başlayır.

Düşünülür ki, get-gedə bu sistem artırılsın və repetitorluq asılılığı aradan qaldırılsın. 

Düşünürəm ki, repetitorluğun tamamilə aradan qaldırılması mümkün olmayacaq, amma bu model müəyyən qədər ali təhsil müəssisələrinə qəbulla bağlı yüksək nəticə verdiyinə görə valideynlərə, ictimaiyyətə, cəmiyyətə belə bir mesaj ötürə biləcək ki, repetitorsuz, təkcə tədris proqramı ilə ali təhsil müəssisələrinə rahat şəkildə qəbul olmaq mümkündür".

Həmsöhbətimiz təmayül tədrisinin proqramından da danışdı:

"Bu tədris fərqli proqramla təqdim olunurmu? Olmur. Sadəcə olaraq burada şagirdlərin marağı öyrənilməklə təmayül siniflərə keçid formalaşır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun səsləndirdiyi fikirlərə görə, ilkin olaraq 20 000 müəllimin tam ştatlı işləməsi ilə bağlı təklif və fikir də məhz elə oradan başlayacaq. Pilot layihə kimi bu həyata keçirilib uğurlu olacaqsa, o halda kütləviləşə biləcək.

Məqsəd nədir?

Məqsəd ancaq ali təhsil müəssisələrinə qəbulun asanlaşdırılması və orada artıq tədrisin təmayüllər üzrə, məsələn, birinci, ikinci, üçüncü, dördüncü və digər qruplar üzrə formalaşdırılmasıdır ki, artıq əlavə vaxt itkisi olmasın. Orada tədris keçən müəllimlər də artıq repetitorluqla məşğul ola bilməyəcəklər. Həmin müəllimlər tədrisi tam ştatlı, vahid formada həmin məktəblərdə həyata keçirəcəklər".

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin