DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Hazırda oxunan: DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

621159

“Riyazi biliklər beynəlxalq standartla ölçüləcək”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və "Baku TV" televiziya kanalına birgə müsahibəsində bildirib.

Məleykə Abbaszadə bildirib ki, riyaziyyat üzrə beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlanması istiqamətində işlər görülür:

"Bizim fəaliyyət sahəmizə aid olan bütün beynəlxalq standartlarla çoxdan tanışıq. Ümumiyyətlə, bu sahədə çalışan mütəxəssislərin beynəlxalq təşkilatları var və biz həmin təşkilatın 1999-cu ildən üzvüyük. Elə bu il də həmin təşkilat tərəfindən bizə müvafiq sertifikatlar və təbriklər təqdim olunub. Bu, bizim sahənin inkişafına və elmə verdiyimiz töhfələrin beynəlxalq səviyyədə də qiymətləndirildiyini göstərir.
 

Biz bu sahədəki yenilikləri və dəyişiklikləri daim izləyirik. Amma onların tətbiqi də mərhələli şəkildə, uyğun zamanda həyata keçirilir. Hər yeniliyin öz tətbiq mərhələsi var. Məsələn, hazırda bizi maraqlandıran layihələrdən biri beynəlxalq uyğunluq məsələsidir. Biz artıq müəyyən imtahanlarımızın səviyyələrini beynəlxalq standartlarla uyğunlaşdırmışıq.


Məsələn, doktoranturaya qəbul üzrə xarici dil imtahanı B2, magistraturaya qəbul üzrə xarici dil imtahanı isə B1 və ya B1+ səviyyəsinə uyğundur. Bu uyğunluqla bağlı “Cambridge Assesment”lə araşdırmalar aparılıb və müvafiq təsdiqlər də əldə olunub. İndi istəyirik ki, xüsusilə riyaziyyat üzrə də beynəlxalq imtahanlarla müqayisəli bir cədvəl hazırlansın.

Məsələn, deyə bilək ki, bizim 9-cu sinif riyaziyyat proqramı hansı beynəlxalq imtahanın hansı səviyyəsinə uyğun gəlir.

Bu nə üçün lazımdır? Ona görə ki, gənclər öz bilik səviyyələrini beynəlxalq meyarlarla müqayisə edə bilsinlər və bilsinlər ki, onların hazırlıq səviyyəsi beynəlxalq miqyasda hansı göstəriciyə uyğundur. Təbii ki, proqramlar müxtəlifdir və tam eyni deyil, amma müəyyən çərçivədə bu uyğunluğu müəyyənləşdirmək mümkündür. Biz bu araşdırmaları aparırıq və belə layihələri nəzərdə tuturuq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin