Tovuz: uğurlar da var, həllini gözləyən məsələlər də

Hazırda oxunan: Tovuz: uğurlar da var, həllini gözləyən məsələlər də

621095

Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə və həmin müşavirədə dövlət başçısının proqram xarakterli nitqi və yeni dövlət proqramının təsdiq olunması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun əsas sütunu sayılan aqrar sahənin gələcək inkişaf perspektivini müəyyən etdi. Prezident çıxışında 2004-cü ildən başlanan regional inkişaf proqramlarının tarixi bəhrələrini xatırlatmaqla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalındakı irəliləyişlərin qənaətbəxş olmadığını vurğulayaraq sahənin köklü şəkildə  yenidən qurulması üçün qarşıya mühüm vəzifələr qoydu. 
 

Dövlət başçısı nitqinin əvvəlində son 20 ildə aqrar sahənin inkişafı üçün yaradılmış fundamental şəraiti diqqətə çatdıraraq qeyd etdi ki, dövlətin güclü iradəsi və sistemli proqramları olmasaydı, bu gün aqrar sahənin inkişafından danışmaq mümkün olmazdı. Lakin qlobal çağırışlar, regional iqlim dəyişikliyi və ərzaq inflyasiyası fonunda respublikamızda kənd təsərrüfatının daha çevik və səmərəli idarəetməyə ehtiyacı var. 



Müşavirədə dövlət başçısının aqrar sektorun mövcud vəziyyəti, qarşıda duran strateji hədəflər və həlli vacib olan qlobal çağırışlar barədə söylədiyi fikirlər Azərbaycanın kənd təsərrüfatının yaxın gələcəkdə inkişaf dinamikasını müəyyən etdi. Dövlət başçısının vurğuladığı ən mühüm məsələlərdən biri də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi oldu. Müasir dünyada baş verən geosiyasi dəyişikliklər fonunda  əsas ərzaq məhsulları üzrə  daxili istehsalın artırılması və idxaldan asılılığın minimuma endirilməsi ən vacib vəzifə kimi qarşıya qoyuldu.

Qlobal iqlim dəyişikliyinin yaratdığı su qıtlığı məsələsi müşavirənin əsas müzakirə mövzularından biri oldu. Qeyd edildi ki, ənənəvi suvarma üsullarından tamamilə imtina edilməsi, dövlət dəstəyi ilə təsərrüfatlarda modern damcı və yağışyağdırma sistemlərinin tətbiqinin genişləndirilməsi günün vacib tələbidir.    

Müşavirədə aqrar sektora yönəldilən dövlət dəstəyi və subsidiyaların verilməsində tam şəffaflığın təmin olunması, eləcə də Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin daha da təkmilləşdirilməsinin  vacibliyi də qeyd edildi. Bildirildi ki, subsidiyaların mexanizmi elə qurulmalıdır ki, yardım yalnız əkin sahələrinin ölçüsünə görə deyil, birbaşa əldə olunan son məhsulun həcminə və keyfiyyətinə görə verilsin. Söz yox ki, bu yanaşma fermerlər arasında sağlam rəqabət yaratmaqla məhsul istehsalını daha da stimullaşdıracaqdır. 

Müşavirədə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Tovuz rayonunda olduq, rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşdük. Gəlişimizin məqsədini biləndə dedi ki, Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizdə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş respublika  müşavirəsi və dövlət başçısının ətraflı nitqi qarşımızda böyük vəzifələr qoyur: “İndi əsas işimiz bu vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələri səfərbər etməkdən ibarətdir”. 

Öyrəndik ki, əsasən kənd təsərrüfatı rayonu olan Tovuzda aqrar məhsulların istehsalında uzun illərdən bəri davam edən bir sıra problemlər həll olunmamış qalır. Subsidiyaların verilməsində hələ də rayonun aran zonası ilə dağlıq zonası arasında müəyyən fərq var. Dağlıq zonada əkilən məhsul suvarılmadığından həmin bölgələrə aran zonasına nisbətən az subsidiya  verilir.
 

Bundan başqa, suvarmada bəzi problemlər yaşanır.  Suvarma Sistemləri İdarələri suyu Su İstifadəçiləri birliklərinə verirlər və onlar da suyu fermerlərə istədikləri şərtlərlə satırlar. Fermerlər deyirlər ki, yaxşı olardı həmin su elə suvarma sistemləri idarələrinin özündə qalsın və suyu özləri satsınlar.


Bundan başqa, bəzi torpaq sahibləri özlərinə məxsus sahədə artezian quyuları qazdırırlar. Əsas problem də elə bundan sonra başlayır. Əvvəla, elektrik şəbəkəsi artezianın işə salınması üçün külli miqdarda vəsait tələb edir. İkincisi, əkin sahələri suvarılarkən aylıq vəsait tələb olunur ki, onu da fermer ödəyir.

Nəticədə məhsulun maya dəyəri xeyli yüksəlir. Əlacsız qalan fermer artezianın suyunu işlətməkdən imtina edir ki, bu da su probleminə gətirib çıxarır. Yaxşı olardı ki, özəl artezianların da ödənişi dövlət tərəfindən aparılsın.   

Tovuz Aqrar İnkişaf Mərkəzində də problemlər söylənildi. Mərkəzin direktoru Emin Eyvazovla söhbət zamanı məlum oldu ki, yetişdirilən məhsul üçün subsidiyalar gec, yəni məhsul yığımının sonunda verilir. Bu isə fermerlərin maliyyə problemi ilə üzləşməsi deməkdir. E.Eyvazov dedi ki, rayonlarda olan böyük təsərrüfatlar üçün kooperativlərin yaradılması yaxşı olardı. Belə halda məhsulun satışında da problem yaşanmaz. Söhbət zamanı onu da öyrəndik ki, gübrələrə ciddi nəzarət edilmir. Təkcə bu il gübrələrin qiyməti iki dəfəyədək bahalaşıb. 

Fermerlər banklardan da gileylidirlər. Dedilər ki, kreditlər yüksək faizlə verilir. Məsələn,  Düz Qırıxlı kəndindən olan fermer Ədalət Məhərrəmov 3 ildir götürdüyü kredit borcunu ödəyib başa çatdıra bilmir. O, 50 hektar özünün, 250 hektar isə icarəyə götürdüyü pay torpağında hər il taxıl, kartof, soğan yetişdirir. Ancaq əkindən götürdüyü gəlir banka faiz ödəməyə gedir.

Söz yox ki, bütün bunlar kənd təsərrüfatının inkişafına əngəl törədən amillərdir. Elə Prezidentin sədrliyi ilə keçirilən iclas, qəbul olunan dövlət proqramı və hazırda bölgələrdə keçirilən regional müşavirələrin də məqsədi həmin problemləri yaradan səbəbləri tapıb onların həllini sürətləndirməkdir.

Sabir ƏLİYEV, “Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin