Son illər yerli və xarici universitetlərin onlayn təhsil proqramları sürətlə yayılır. Xüsusilə işləyən şəxslər və xaricdə əyani təhsil almaq imkanı olmayanlar üçün distant magistratura və sertifikat proqramları cəlbedici alternativə çevrilib.
Lakin bu proqramları bitirənlərin qarşısında əsas sual yaranır ki, əldə edilən diplom və sertifikatlar Azərbaycanda tanınırmı?
Onlayn təhsil alan məzunlar diplomlarının təsdiqlənməsi zamanı hansı tələblərlə üzləşirlər və bütün proqramlar eyni qaydada qəbul edilirmi?
Təhsil eksperti Elmin Nuri Bizim.Media-ya açıqlamasında bildirib ki, ölkədə tanınmayan diplomların bəziləri onlayn təhsillə əldə edilib:
“Hər il TKTA (Təhsildə Keyfiyyət Təmintı Agentliyi) tərəfindən diplomların nastrifikasiya və akrreditasiyası zamanı rast gəlinən ən neqativ hal məhz distant formalı diplomlarla bağlıdır. Tanınmayan xarici universitet diplomlarının bir çoxusu özünün etibarsızlığına görə məhz bu səbəbə "borcludur". Digər səbəblər isə texniki və hüquqi prosedur məsələləri, eləcə də namizədin bitirdiyi ixtisasla bağlı biliklərinin yetərsizliyidir”.
Ekspertin sözlərinə görə, təhsilin bütün səviyyələri üçün onlayn təhsil keçərsizdir:
“Bizim təhsil qanunvericiliyimizə əsasən Azərbaycanda yalnız əyani və qiyabi təhsil forması hüquqi cəhətdən tanınır. Milli Məclisin Elm və təhsil komitəsində Ali təhsilə aid qanun layihəsinə əlavələr müzakirə olunduğu zaman distan təhsilin də qanuniləşdirilməsi ilə bağlı fikirlər səsləndirilib. Lakin reallıq onu göstərir ki, başqa ölkələrin hər hansı universitetində istər bakalavriat, istər magistratura, istərsə də PHD təhsilini məhz onlayn formada aldıqda o, hüquqi baxımdan etibarlı sayılmır”.
E.Nuri vurğulayır ki, sözügedən sənədlər əmək bazarında da qüvvədə deyil.
“Əmək bazarında, istehsalatda onlayn formada təhsil alanların diplomları etibarsız hesab edildiyindən tələbələrin oxuduqları 4 il (bəzi hallarda, 3 il) təəssüf ki, səmərəsiz olur. Bu yalnız qanunvericiliyin diktə etdiyi prosedurdur. Sözsüz ki, qanunun tələbi bütün meyar və şərtlərdən öndə olmalıdır.
Lakin məsələnin tədris keyfiyyətinə gəlincə isə burada vəziyyət nisbətən fərqlidir. Bu məsələ ixtisaslara görə fərqlənir. Mühəndislik, Tibb, İT profilli ixtisaslar distant təhsil forması üçün qətiyyən keçərli deyil. Ən azından, burada proqram mahiyyəti birbaşa əyanilik tələb edir. Ancaq biz onların xaricdə distant formalarının olduğunu görürük. Məhz bu halda alınmış diplomların etibarsızlığı daha məqbuldur” - deyə o, qeyd edib.
Xədicə Paşayeva, Bizim.Media





































































































