"Bu il Azərbaycan İlahiyyat İnstitutunda 59 tələbə məzun olur. Onlardan 55-i bakalavriat, 4-ü isə magistratura səviyyəsində təhsil alıb. Magistratura səviyyəsində məzun olan tələbələrdən ikisi xarici ölkə vətəndaşıdır. Müsbət haldır ki, Azərbaycan İlahiyyat İnstitutunda təkcə ölkəmizdən deyil, xaricdə yaşayan soydaşlarımızdan da təhsil alanlar var. Bakı İlahiyyat Kollecində isə bu il 15 məzun var".
Bizim.Media xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov iyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun və Bakı İlahiyyat kollecinin 2025/2026-cı tədris ili üzrə “Məzun günü”ndə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Azərbaycan İlahiyyat İnstitutunun 5-ci buraxılış məzunlarını yola salınır.
Bundan başqa, Azərbaycan İlahiyyat İnstitutunun nəzdində yaradılmış Bakı İlahiyyat Kolleci də ilk məzunlarını verir:
"Azərbaycan İlahiyyat İnstitutunun məzunları ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərirlər. Onlar dini ocaqlarda imam, imam müavini kimi çalışır, dini ayinlərin icrasında iştirak edirlər. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunda da işlə təmin olunmaq imkanları əldə edirlər.
Azərbaycan İlahiyyat İnstitutu yeni yaradılmış ali təhsil müəssisəsi olmasına baxmayaraq, məzunlarının işlə təmin olunma göstəriciləri bir çox universitetlərlə müqayisədə daha yüksəkdir.
İnstitutun fəaliyyətində dövlət qurumlarının dəstəyini, cənab Prezidentin diqqət və qayğısını görmüşük. Eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət müəssisələrinin Azərbaycan İlahiyyat İnstitutuna göstərdiyi dəstəyi də hər zaman hiss edirik.
Ümid edirik ki, tələbələrimiz bundan sonra da öz nailiyyətlərini artıracaq, institutda əldə etdikləri bilik və bacarıqları cəmiyyətin inkişafına yönəldəcəklər”.
Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədi din sahəsində elə peşəkar kadrlar hazırlamaqdır ki, onlar həm öz bilik və bacarıqları ilə seçilsinlər, həm də dövlətçiliyə sadiq, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı olsunlar.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media



































































































