Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

Hazırda oxunan: Evdə hazırlanan qidalar market rəflərində - Hansı riskləri VAR?

618265

Son zamanlar marketlərdə ev şəraitində hazırlanan un məmulatlarının, şirniyyatların sayı nəzərə çarpacaq dərəcədə artıb. Ənənəvi tortlar, paxlava, şəkərbura, müxtəlif peçenye və digər əl işi məhsullar artıq iri ticarət şəbəkələrinin rəflərində də yer almağa başlayıb.

Bu, evdar qadınlar və kiçik sahibkarlar üçün yeni gəlir mənbəyi yaradır. Lakin məsələnin digər tərəfi də var. Yəni ev şəraitində hazırlanan məhsulların satışa çıxarılması zamanı istehsal prosesinin sanitariya normalarına uyğunluğu, istifadə olunan xammalın keyfiyyəti və məhsulun saxlanma şəraiti ciddi nəzarət tələb edir. Xüsusilə süd məhsulları, krem və yumurta tərkibli şirniyyatlarda düzgün saxlanma qaydalarına əməl olunmadıqda sağlamlıq riskləri yarana bilər.

Bundan əlavə, məhsulların üzərində istehsal tarixi və saxlanma qaydaları barədə məlumatların tam şəkildə göstərilməməsi də narahatlıq yaradır.

Bəs marketlərdə ev şəraitində hazırlanmış şirniyyat, yeməklər nə qədər təhlükəsizdir?

Marketlərdə ev şəraitində hazırlanmış qida məhsullarının sayının artdığını təsdiqləyən qida üzrə mütəxəssis Fərid Səfərli Bizim.Media-ya bildirib ki, bu məhsulların bəziləri keyfiyyətli və təhlükəsiz hazırlansa da, onların təhlükəsizliyi istehsal şəraiti, istifadə olunan xammal və saxlanma qaydalarından birbaşa asılıdır:

“Əsas risk ondan ibarətdir ki, ev şəraitində hazırlanan məhsullarda sənaye müəssisələrində tətbiq olunan ciddi gigiyena və qida təhlükəsizliyi nəzarəti həmişə eyni səviyyədə olmaya bilər. Temperatur rejiminin pozulması, çiy və hazır məhsulların təması, şəxsi gigiyena qaydalarına əməl edilməməsi və ya məhsulun düzgün saxlanmaması bakterial çirklənmə riskini artıra bilər.
 

Əgər məhsul rəsmi şəkildə fəaliyyət göstərən istehsalçı tərəfindən hazırlanırsa və marketdə qanuni qaydada satışa çıxarılırsa, onun müəyyən nəzarət prosedurlarından keçməsi gözlənilir. Lakin bu, hər məhsulun tamamilə risksiz olması demək deyil. Nəzarətin effektivliyi istehsal prosesinin davamlı izlənilməsindən də asılıdır”.


Ekspert istehlakçılara məhsul alarkən etiket məlumatlarına, istehsal və son istifadə tarixlərinə, saxlanma şəraitinə və qablaşdırmanın bütövlüyünə diqqət yetirmələrini tövsiyə edib:

“Xüsusilə kremli şirniyyatlar, ət, toyuq, balıq və süd tərkibli hazır yeməklər mikrobioloji baxımdan daha həssas məhsullar hesab olunur. Marketlərdə satılan ev tipli qidaların hamısını təhlükəli hesab etmək düzgün deyil. Ancaq bu məhsulların təhlükəsizliyi istehsal və saxlanma şərtlərindən ciddi şəkildə asılıdır. Buna görə istehlakçılar mənşəyi məlum olan, düzgün etiketlənmiş və uyğun şəraitdə saxlanılan məhsullara üstünlük verməlidirlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin