Məlum olduğu kimi, 4 iyun 2026-cı il tarixində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib.
Artıq ölkənin kibertəhlükəsizlik sahəsində aparıcı platformalarından birinə çevrilən Forum dövlət qurumlarını, Milli Məclisin deputatlarını, beynəlxalq təşkilatların nümayəndələrini, xarici ölkələrin kibertəhlükəsizlik institutlarını, özəl sektor təmsilçilərini, ali təhsil müəssisələrinin rəhbərlərini, ekspertləri və gənc mütəxəssisləri bir araya gətirərək ölkənin kibertəhlükəsizlik gündəliyinin formalaşdırılmasına töhfə verən mühüm müzakirə platforması rolunu oynayıb.
Kibertəhlükəsizlik ekosisteminin inkişafı əsas prioritet kimi vurğulanıb
Forumun rəsmi açılış mərasimində AKTA-nın İcraçı direktoru Rauf Cabbarov çıxış edərək ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, insan kapitalının formalaşdırılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini Allahverən İsmayılov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Rasim Əliquliyev çıxışlarında kibertəhlükəsizliyin artıq təkcə texnoloji deyil, həm də milli təhlükəsizlik, iqtisadi dayanıqlılıq və rəqəmsal inkişaf məsələsi olduğunu qeyd ediblər.
Çıxışlarda dövlət qurumları, akademik mühit və özəl sektor arasında əməkdaşlığın dərinləşdirilməsinin, yerli ekspert potensialının gücləndirilməsinin və innovativ həllərin tətbiqinin ekosistemin inkişafında həlledici rol oynadığı bildirilib.
Beynəlxalq təcrübə və regional əməkdaşlıq diqqət mərkəzində olub
“Milli Kibertəhlükəsizlik Ekosistemi” sessiyasında Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisinin müavini Tural Məmmədov, Moldova Kibertəhlükəsizlik Agentliyinin direktoru Mihai Lupașcu və “Huawei Technologies” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə Baş Kibertəhlükəsizlik və Məxfilik Direktoru Corey Deng milli kibertəhlükəsizlik strategiyaları, kritik informasiya infrastrukturunun qorunması, kibercinayətkarlıqla mübarizə və beynəlxalq təcrübələrə dair təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində Corey Deng AKTA-nın Məşvərət Şurasına üzv seçilib və AKTA-nın Fəxri Üzvlük Sertifikatı ilə təltif olunub. Bu addım beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qlobal təcrübənin yerli ekosistemə inteqrasiyası istiqamətində mühüm addım kimi qiymətləndirilib.
Forum çərçivəsində üç strateji əməkdaşlıq sənədi imzalanıb
IV Milli Kibertəhlükəsizlik Forumu yalnız müzakirə platforması deyil, həm də yeni tərəfdaşlıqların formalaşdığı əməkdaşlıq meydanı kimi yadda qalıb.
Forum çərçivəsində AKTA ilə “Huawei Technologies” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum kibertəhlükəsizlik sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və insan kapitalının inkişafına dəstək göstərilməsini nəzərdə tutur.
Eyni zamanda AKTA ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Tərəflər kibertəhlükəsizlik sahəsində mütəxəssis hazırlığının gücləndirilməsi və akademik əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Forumun ən əhəmiyyətli nəticələrindən biri isə AKTA, Ukrayna Elmi Kibertəhlükəsizlik Assosiasiyası, Moldova Texniki Universiteti və Gürcüstan Elmi Kibertəhlükəsizlik Assosiasiyası arasında regional əməkdaşlığın gücləndirilməsinə yönəlmiş çoxtərəfli memorandumun imzalanması olub. Sənəd regional səviyyədə təcrübə mübadiləsi, birgə layihələr və beynəlxalq tərəfdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Süni intellekt və rəqəmsal transformasiya yeni çağırışların mərkəzindədir
Forumun əsas müzakirə mövzularından biri süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə təsiri olub.
“Rəqəmsal transformasiyada kiber çağırışlar”, “Süni İntellektin Kibertəhlükəsizliyə Təsiri və İnnovativ Trendlər” və “Müasir Kibertəhlükəsizlik Təhdidləri” sessiyalarında yerli və beynəlxalq ekspertlər rəqəmsal transformasiya dövründə yaranan riskləri, süni intellektin kibermüdafiədə tətbiqini və yeni nəsil təhlükələrə qarşı müdafiə mexanizmlərini müzakirə ediblər.
Forum çərçivəsində “Azercell Telekom”un Kibertəhlükəsizlik şöbəsinin rəhbəri Mais Şərifli şirkətin süni intellekt əsaslı kibertəhlükəsizlik həlləri ilə bağlı real nəticələri iştirakçılarla bölüşüb.
Bildirilib ki, “Azercell” hazırda korporativ müştərilərinə 10-dan çox müxtəlif kibertəhlükəsizlik xidməti təqdim edir. Şirkət kibertəhdidlərin aşkarlanması və təhlükəsizlik əməliyyatlarının idarə olunması üçün süni intellekt arxitekturasını tətbiq edən ilk telekommunikasiya şirkətidir.
Təqdim olunan statistik göstəricilərə əsasən, kibertəhlükəsizlik analitiklərinin qərarları ilə süni intellekt sistemlərinin verdiyi nəticələr arasında uyğunluq səviyyəsi 95 faizi ötür. Həmçinin qeyd olunub ki, bəzi əməliyyat proseslərinin icra müddəti süni intellekt texnologiyalarının tətbiqi nəticəsində ənənəvi yanaşmalarla müqayisədə 40 dəfəyədək azaldılıb.
Gənclər, akademik mühit və sənaye nümayəndələri arasında yeni dialoq formatı yaradılıb
Forumun diqqətçəkən yeniliklərindən biri ilk dəfə keçirilən ictimai sual-cavab sessiyası olub. Tələbələr tərəfindən təqdim edilən suallar videoformatda nümayiş etdirilib, universitet rəhbərləri və özəl sektor nümayəndələri isə həmin sualları cavablandırıblar.
Bu təşəbbüs gənclərin kibertəhlükəsizlik sahəsində fikir və gözləntilərinin birbaşa qərarvericilərə çatdırılması baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.
Yerli innovasiyalar və texnoloji həllər nümayiş etdirilib
Forum çərçivəsində təşkil olunan sərgi hissəsində tərəfdaş şirkətlər tərəfindən müasir kibertəhlükəsizlik məhsulları, xidmətləri və texnoloji həllər təqdim olunub.
Qızıl sponsorlar sırasında yer alan “AzInTelecom” MMC iştirakçılara bulud texnologiyaları, rəqəmsal identifikasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirdiyi layihələri təqdim edib. “AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” ölkədə “Hökumət buludu” və SİMA rəqəmsal imza layihələrinin provayderi olmaqla yanaşı, Azərbaycanda ilk Superkompüter infrastrukturunu yaradıb və 24/7 fəaliyyət göstərən Təhlükəsizlik Əməliyyatları Mərkəzi vasitəsilə kibertəhlükəsizlik xidmətləri göstərir.
Forum güclü tərəfdaş dəstəyi ilə baş tutub
IV Milli Kibertəhlükəsizlik Forumunun platin sponsorları “Azercell Telekom”, “Proxima Cyber Security”, “Caspel” və “B&B Security” şirkətləri olub.
Qızıl sponsorlar qismində “AzInTelecom” MMC, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “R.I.S.K Company”, ESET və Trend AI çıxış ediblər.
Gümüş sponsorlar sırasında isə Clico, Seeton, Binalyze və OctoX Labs yer alıb.
Forumun tərəfdaşları və sponsorları tərəfindən təqdim olunan həllər ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına, yeni texnologiyaların tətbiqinə və innovasiyaların təşviqinə töhfə verən nümunələr kimi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Azərbaycanın kibertəhlükəsizlik gələcəyinə investisiya
IV Milli Kibertəhlükəsizlik Forumu bir daha göstərdi ki, kibertəhlükəsizlik sahəsində dayanıqlı inkişaf yalnız dövlət, özəl sektor, akademik mühit və beynəlxalq tərəfdaşların koordinasiyalı əməkdaşlığı nəticəsində mümkündür.
Forum çərçivəsində səsləndirilən strateji mesajlar, təqdim olunan statistik göstəricilər, imzalanan əməkdaşlıq sənədləri, nümayiş etdirilən innovativ həllər və qurulan yeni tərəfdaşlıqlar Azərbaycanın kibertəhlükəsizlik ekosisteminin inkişafına, insan kapitalının gücləndirilməsinə və ölkənin kibermüdafiə potensialının artırılmasına mühüm töhfə verəcək.
Forum güclü media dəstəyi ilə baş tutub
IV Milli Kibertəhlükəsizlik Forumu geniş media dəstəyi ilə müşayiət olunub. Tədbirə ölkədə və Türkiyədə fəaliyyət göstərən media qurumları - televiziyalar, onlayn media və sosial media nümayəndələri qatılaraq forumla bağlı materiallar hazırlayıblar.
Forumun media tərəfdaşları qismində isə Azərtac, ARB24, Report İnformasiya Agentliyi, Bizim.Media, Tech.az, Tedroid, Baku.es, Avto FM, Dalğa FM və Planet FM çıxış edərək tədbirin işıqlandırılmasına və forumda müzakirə olunan aktual mövzuların geniş ictimaiyyətə çatdırılmasına töhfə veriblər.
Bizim.Media






































































































