Barclays tərəfindən yayımlanan hesabatda bildirilir ki, Çində insanabənzər robotların istifadəsi ölkənin 2035-ci ilə qədər yaşayacağı əhali azalmasının təxminən 60 faizini kompensasiya edə bilər.
Bizim.Media "NTV.com.tr"yə əsasən xəbər verir ki, Britaniyanın maliyyə qurumunun proqnozuna görə, 2035-ci ilə qədər Çində əmək bazarının təxminən 4 faizinə bərabər olan 24 milyona qədər humanoid robotun fəaliyyət göstərməsi gözlənilir.
Hesabatda qeyd olunub ki, insanabənzər robot istehsalının genişlənməsi ölkədə yaranacağı ehtimal edilən təxminən 37 milyon nəfərlik işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.
Mütəxəssislər hesab edirlər ki, xüsusilə yaşlanan əhali və aşağı doğum göstəriciləri səbəbindən bir çox ölkədə əmək bazarında boşluqlar yaranır. Bu səbəbdən texnologiya şirkətləri istehsal, logistika və xidmət sahələrində robotlardan istifadənin gələcəkdə daha da artacağını düşünür.
Nəzrin Mirzəyeva, Bizim.Media





































































































