Ölkəmizdə kifayət qədər əcnəbi çalışır. Onların arasında fəhlədən tutmuş baş direktora qədər müxtəlif vəzifə sahibləri var.
Bəs ölkəmizdə əcnəbilərin məşğulluğu necə tənzimlənir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Miqrasiya Məcəlləsinə görə hər il Azərbaycanda kvota müəyyən edilir ki, il ərzində nə qədər əcnəbi işçi götürülə bilər:
“Digər tərəfdən əcnəbi işçi yalnız o halda götürülə bilər ki, o ixtisas üzrə yerli kadr yoxdur. Bunun üçün də Dövlət Miqrasiya Xidmətindən icazə alınmalıdır. İcazənin müddəti 1 il, qiyməti isə min manat ətrafındadır. Yəni işəgötürən hər işçiyə görə hər il dövlətə ödəniş etməlidir.
Amma bəzi şirkətlər çox zaman bu qaydaya əməl etmir. Əcnəbi işə götürülür və bəzi hallarda icazə də alınmır. Təəccüblü odur ki, bəzən ixtisası olmayan əcnəbiləri belə yerli şirkətlər işə götürürlər. Bu isə qanun pozuntusudur”.
Surxay Atakişiyev, Bizim.Media


































































































