Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) altıncı, sonuncu günü öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Forumun sonuncu gününün proqramı da əsasən qlobal mənzil böhranı, inklüziv, təhlükəsiz, dayanıqlı şəhərsalmaya həsr olunub.
Belə ki, forum iştirakçılarının müzakirə edəcəyi mövzulara əlilliyi olan şəxslərin hüquqları, şəhərlərdə inklüzivlik və əlçatan mühit, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında urbanizasiya, davamlı inkişaf və regional əməkdaşlıq məsələləri, mədəni irsin qorunması, qadınların şəhərsalma, qərarvermə və sosial inkişaf proseslərində rolu, uşaq və gənclərin şəhər həyatında iştirakı aiddir.
Həmçinin, forumun sonuncu günündə müasir şəhərlər üçün iqlimə uyğun həyət tipli məhəllələrin yenidən dizaynı, özəl sektorun dayanıqlı və yaşıl şəhərlərin inkişafındakı rolu, müharibə və ya fəlakətdən sonra yenidənqurma dövründə mənzil hüquqları və humanitar bərpa tədbirlərinin görülməsi məsələləri də diqqətdə saxlanılacaq.
Günün sonuna yaxın WUF13-ün yekunlarına dair media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Həmçinin, günün sonunda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının rəsmi bağlanış mərasimi və WUF14-ə ev sahiblik edəcək ölkə rəsmisinə simvolik təhvilvermə baş tutacaq.
Sonda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bayraq endirmə mərasimi keçiriləcək.
Qeyd edək ki, Bakıda may ayının 17-də start götürən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) 182 ölkədən 40 mindən artıq iştirakçı qeydiyyatdan keçib.





Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media




































































































