Azərbaycanda çay sadəcə qonaqpərvərlik rəmzi deyil, həm də gündəlik həyatın ayrılmaz hissəsidir.
Bizim.Media xəbər verir ki, bu barədə "Euronews" telekanalının Azərbaycanda sakinlərin çaya münasibətinə dair hazırladığı məqalədə qeyd olunub.
Bildirilir ki, yerli sakinlər demək olar, bütün mühüm həyat hadisələrini çayla əlaqələndirirlər. Çay söhbətdən əvvəl süfrəyə gəlir, işgüzar danışıqların tonunu müəyyənləşdirir, kədəri yumşaldır və gecəyədək davam edən söhbətlərin ayrılmaz hissəsinə çevrilir. Bu ölkədə süfrəyə çaysız əyləşmək qeyri-adi hal hesab olunur. Çay zərif çayniklərdən hər kəsin dərhal tanıdığı armud formasında xüsusi "armudu" stəkanlara süzülür.
Məqalədə qeyd olunur ki, stəkanın incə "beli" və yuvarlaq oturacağı sadəcə estetik detal deyil. Bu forma istiliyi daha uzun müddət saxlamağa imkan verir: qaynar hissə aşağıda cəmlənir, stəkanın yuxarı hissəsində isə çay bir qədər soyuyur ki, insan dodaqlarını yandırmadan onu kiçik qurtumlarla rahat şəkildə içə bilsin. Eyni zamanda, bu stəkan barmaqlar arasında olduqca rahat yerləşir.
Çay süfrəsinin növbəti və ən vacib hissəsi isə mürəbbələrdir. "Euronews" yazır ki, mürəbbələr kiçik, çox vaxt büllur nəlbəkilərdə təqdim olunur. Çiyələk, armud, ərik və qoz mürəbbələrində meyvələr öz formasını tam qoruyur və əzilmir. Bu ənənə ilə tanış olmayanlar üçün isə bu, əsl kiçik sensasiya təsiri bağışlayır.
Lakin burada söhbət çörəyə yaxılan adi cemdən getmir. Azərbaycanda mürəbbəni çaya qatmaq və ya çörəyin üzərinə çəkmək qəbul edilmir. Burada xüsusi çay içmə qaydası var: əvvəlcə nəlbəkidən kiçik qaşıqla mürəbbə dadılır, ardından isə isti çaydan bir qurtum alınır. (oxu.az)
Bizim.Media


































































































