Ana, müəllim, keçmiş döyüşçü, şəhid anası, Zaqatalada çoxlarının “dayı” deyə çağırdığı, bölgənin ilk qadın taksi sürücüsü Züleyxa Davudova bu gün uzun sürən xəstəlikdən sonra haqqın dərgahına qovuşub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Birinci Qarabağ müharibəsinin şəhidi Zaqataladan olan “Rembo” ləqəbli Azad Davudovun anası Züleyxa müəllim vəfat edib.
Oğlu Azadın keçdiyi şanlı döyüş yolundan ilhamlanan Züleyxa müəllimin də illərdi əyilməz qaməti, hamıya örnək olacaq əməlləri çoxlarına bəllidir.
Keçmiş döyüşçü, şəhid anası artıq 32 ildir ki, 8 Mart - Beynəlxalq Qadınlar gününü oğlunun məzarı başında qeyd edirdi.
Zaqatalada çoxlarının “Dayı” deyə çağırdığı şəhid anası Züleyxa Davudova, həm də bölgənin ilk qadın avtomobil sürücüsü kimi tanınırdı. O, 40 ilə yaxın müddətdə avtomobil idarə edirdi.
Üç övlad anası olan Züleyxa Davudova ali təhsilli pedaqoq olub. Uzun illər Aşağı Tala kənd 1 nömrəli məktəbdə dərs deyib.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu






























































































