Bakıda tramvay bərpa olunur - Növbə Sumqayıt və Gəncənindir?

Hazırda oxunan: Bakıda tramvay bərpa olunur - Növbə Sumqayıt və Gəncənindir?

614103

Bakıda tramvay xətlərinin yenidən çəkilməsi çoxdan arzulanan və tələb olunan idi. Çünki tramvay təkcə nostalji deyil, həm də rahat nəqliyyat vasitəsidir. Paytaxtın tramvay layihəsi 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. 2027-ci ilə qədər tramvay sistemi Bakı Dəmiryolu vağzalı ilə əlaqələndiriləcək. Tramvay layihəsinin gündəmə gəlməsi, gediş-gəlişin rahatlaşdırılması istər-istəməz başqa şəhərlərlə bağlı da suallar yaradır.

Əgər paytaxtda bu nəqliyyat növü bərpa olunacaqsa, bəs niyə Sumqayıtda, Gəncədə və digər iri şəhərlərdə də düşünülməsin?

Məsələn, Sumqayıt bunun üçün ən real nümunələrdən biridir. Şəhərdə vaxtilə tramvay xətti fəaliyyət göstərib. Yəni ortada həm təcrübə var, həm də müəyyən infrastruktur yaddaşı. Necə deyərlər, “su gələn arxa bir də gələr”.

Gəncə də tramvay üçün uyğun şəhərlərdən sayıla bilər. Geniş küçələr, böyük yaşayış massivlərinin salınması şəhərdaxili məsafələri artırır. Bütün bunlar əlavə ictimai nəqliyyat sisteminə ehtiyac yaradır, həm də tramvay şəhərin ümumi obrazına da yaraşar.  
 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik. AYNA-dan qısaca cavab verdilər ki, “Gələcək layihələr barədə məlumat olanda təqdim ediləcək.” Yəni ortada hələ belə bir plan yoxdur.


İsrarlı marağımız bizi ekspertə yönəltdi. Onun cavabı isə sualımızdan daha maraqlı oldu. Dedi ki, “Üfüqdə görünməyən, mövcud olmayan fikir barədə nəsə deyə bilmərəm.” Sokratsayağı oturuş vəziyyəti alıb düşündük: Axı bildiyimiz qədərilə, ekspertin işi elə budur: təkcə mövcud problemləri yox, gələcəkdə mümkün ola biləcək layihələri də analiz etmək, münasibət bildirmək, ideya irəli sürmək və s. Dünyanın hər yerində nəqliyyat mütəxəssisləri, xüsusilə də urbanistlər hələ həyata keçməmiş layihələri müzakirə edir, onların perspektivini dəyərləndirirlər.

Bəs bizim ekspertlər nədən çəkinirlər, niyə bu qədər ehtiyatlıdırlar?

Ənənəvi sualdan çox, ritorik suala bənzəsə də görünən odur ki, əslində problem tramvayın özündən də böyükdür. Bizdə gələcəyi müzakirə etmək ənənəsi zəifdir. Gərək ortaya nəsə qoyula ki, hərə bir tərəfdən onun haqqında fikir deyə. Dəyərli, amma ehtiyatlı mütəxəssislər bilməlidir ki, böyük layihələrin hamısı elə ideyadan başlayıb.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin