Paşinyandan Qarabağ ermənilərinə çağırış - “Vətən axtarışı başa çatıb”

Hazırda oxunan: Paşinyandan Qarabağ ermənilərinə çağırış - “Vətən axtarışı başa çatıb”

614124

“Erməni xalqı “müvəqqəti dayanacaq psixologiyasından” imtina etməli və Ermənistan Respublikasını öz vətəni və sığınacağı kimi qəbul etməlidir”.

Bizim.Media “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri, Nikol Paşinyan səsləndirib.

Paşinyan vətən anlayışı, daxili dünyagörüşü və Qarabağ ermənilərindən danışarkən bildirib ki, “vətən axtarışı prosesinin başa çatdığını” qəbul etmək lazımdır.

“Biz nəhayət təsbit etməliyik ki, vətən axtarışı prosesi başa çatıb. Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”, – deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, insanların şüuraltında əvvəlki yaşayış yerlərinə qayıtmaq ideyası qalarsa, Ermənistan vətən deyil, “müvəqqəti dayanacaq” kimi qəbul olunacaq.

“Əgər şüuraltımızda daim Van, Muş, Qarabağ, Naxçıvana qayıtmaq düşüncəsi yaşayırsa, biz ölkəmizi tranzit məntəqəsi kimi qəbul etməyə başlayırıq”, – deyə Paşinyan bildirib.

Baş nazir bunu uzun yol üzərindəki dayanacaq hissi ilə müqayisə edib və qeyd edib ki, insan belə vəziyyətdə özünü tam təhlükəsiz və rahat hiss edə bilmir.

“Bugünkü siyasi prosesin mahiyyəti Ermənistan Respublikasının dayanacaq yox, son məntəqə kimi qəbul edilməsidir. Biz gəlib çatmışıq”, – deyə Paşinyan bildirib.

O, həmçinin Qarabağdan köçmüş ermənilərə müraciət edərək vurğulayıb ki, onlar da “müvəqqəti dayanacaq” düşüncəsindən imtina edib Ermənistanda məskunlaşmalıdırlar.

“İndi onlar buraya gəliblər və biz istəyirik ki, bu insanlar da bizim kimi burada məskunlaşsın, dayanacaq düşüncəsini son məntəqə anlayışı ilə əvəz etsinlər”, – deyə Ermənistan baş naziri əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin