Güclü külək və yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Güclü külək və yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

613360

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.

Bizim.Media xəbər verir ki, bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq yayaraq bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Xəbərdarlıqda daha sonra deyilir:

“Yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır.
 

Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır. Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar”.


Xəbərdarlıqda xüsusilə qeyd olunur ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır.

“Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır. Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır”, - deyə xəbərdarlıqda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin