Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb. Kəndə köç edən ailələrə yeni evlərinin açarları təqdim olunub.
Bizim.Media xəbər verir ki, ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələrlə bağlı məlumat verilib.
Sakinlərə naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla rastlaşdıqları zaman aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmilər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 107 ailə olmaqla 453 nəfər köçürülüb. Uzun illər müxtəlif ərazilərdə müvəqqəti məskunlaşan ailələr artıq doğma yurdlarında məskunlaşıblar.




Bizim.Media
































































































