Qusar Rayon İcra Hakimiyyətində İxrac Neft-Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə Komissiyanın növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, iclası giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov strateji əhəmiyyətli boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinin dövlət əhəmiyyətli məsələ olduğunu bildirib.
İcra başçısı Azərbaycanın enerji təhlükəsizliyinin və ixrac potensialının qorunmasının bilavasitə bu kimi xətlərin fasiləsiz və təhlükəsiz istismarından asılı olduğunu vurğulayıb.
Komissiyanın sədri, Qusar Rayon İcra Hakimiyyəti başçısının I müavini Şahid Fərəməzov komissiya tərəfindən rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Qeyd edilib ki, komissiya rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılıb və fəaliyyətini əvvəlcədən təsdiq olunmuş plana uyğun həyata keçir. Komissiyanın tərkibinə aidiyyəti təşkilat rəhbərləri, boru kəmərlərinin keçdiyi ərazilərin kənd inzibati ərazi dairələri üzrə RİH nümayəndələri və bələdiyyə sədrləri daxildir.
Şahid Fərəməzov bildirib ki, aidiyyəti təşkilatlarla birgə Rayon İcra Hakimiyyəti tərəfindən neft və qaz kəmərlərinin keçdiyi ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir, əhali arasında mütəmadi maarifləndirmə işi aparılır.
Bunun nəticəsidir ki, sakinlər bu sahədə kifayət qədər həssas və məlumatlıdır. Ötən müddət ərzində kəmərlərin keçdiyi ərazidə hər hansı xoşagəlməz hadisə baş verməyib.
Qeyd olunub ki, Qusar rayonu ərazisindən uzunluğu 26,5 km olan “Bakı-Novorossiysk” ixrac neft boru kəməri və “Qazıməmməd-Mozdok” magistral qaz kəməri keçir. Bu kəmərlər rayonun 7 inzibati ərazi dairəsinin 18 yaşayış məntəqəsinin ərazisini əhatə edir.
İxrac Neft-Qaz Boru Kəmərlərinin Təhlükəsizliyinə Nəzarət İdarəsinin rəisi, polkovnik Nail Dadaşov çıxışında Azərbaycanın enerji siyasətində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin əhəmiyyətinə toxunub.
O, kəmərlərdə baş verə biləcək fövqəladə halların qarşısının alınması, baş vermiş fəsadların aradan qaldırılması, aidiyyəti qurumların bu işə cəlb edilməsi və əhali arasında təbliğat işinin aparılmasının komissiyanın əsas vəzifələrindən olduğunu bildirib. Həmçinin qeyd edilib ki, hazırda regionda mövcud gərgin geosiyasi vəziyyət nəzərə alınmaqla, fiziki şəxslər tərəfindən pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə təhlükəsizlik baxımından ciddi risk yaradır. Bu səbəbdən vətəndaşlar müəyyən olunmuş qaydalara riayət etməlidirlər.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Xaçmaz Regional İdarəsinin rəisi, komissiyanın sədr müavini Xanmurad Xıdırov çıxışında Qusar rayonu ərazisindən keçən 26,5 km-lik boru kəmərinin mühafizəsi və nəzarət tədbirləri barədə ətraflı məlumat verib.
Xanmurad Xıdırov vurğulayıb ki, bu işdə yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə sıx qarşılıqlı əlaqə qurulub.
Ərazidə yaşayan sakinlərlə keçirilən görüşlərdə onlara kəmərin mühafizə zonasında torpaq qazıntıları, tikinti və kənd təsərrüfatı işlərinə başlamazdan əvvəl aidiyyəti qurumları məlumatlandırmağın vacibliyi izah edilir. Nəticədə şübhəli hallar barədə məlumatlar vaxtında verilir ki, bu da potensial təhlükələrin qarşısının alınmasına imkan verir.
“SOCAR”-ın Qaz İxrac İdarəsi Siyəzən Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Mircəlal Kazımzadə bu sahədə tətbiq olunan yeni texnoloji sistemlər, boru xətlərinin əks olunduğu rəqəmsal xəritələr və monitorinq imkanları barədə məlumat verib.
ARDNŞ Neft Kəmərləri İdarəsinin İstehsalat Bölümünün rəisi Elvin Muradov komissiyanın yerlərdə apardığı maarifləndirmə və profilaktik tədbirlərin fövqəladə halların qarşısının alınmasında mühüm rol oynadığını qeyd edərək, qarşılıqlı məlumat mübadiləsini davam etdirilməsinin vacibliyini vurğulayıb.
İclası yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov strateji infrastrukturun mühafizəsinin təkcə aidiyyəti qurumların deyil, bütün cəmiyyətin məsuliyyəti olduğunu bildirib.
Sahir Məmmədxanov komissiyanın fəaliyyətini qənaətbəxş qiymətləndirərək komissiya üzvlərinə, aidiyyəti təşkilatların əməkdaşlarına əməkdaşlığa və məsuliyyətli yanaşmaya görə təşəkkür edib, qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icra olunacağına əminliyini ifadə edib. Əhali, xüsusilə ümumtəhsil müəssisələri və dövlət qurumlarının əməkdaşları arasında mütəmadi maarifləndirmə işinin aparılmasının zəruriliyini qeyd edib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
































































































