Ölkəmizdə ilk kanat yol 2008-ci ildə Balakəndə, Ulu Öndər Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında istifadəyə verilib. Lakin bir neçə il idi ki, kanat yolda nasazlıq yaranmış və fəaliyyətini dayandırmışdı.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə artıq mövcud kanat yolunun söküntüsü həyata keçirilir.
İlkin mərhələdə kanat xəttinin troslarının, aşağı və yuxarı terminalların bütün texnoloji və elektrik avadanlıqları demontaj edilib. Hazırda terminal binalarının sökülməsi həyata keçirilir.
Layihələndirməyə əsasən, Balakən kanat yolunun uzunluğu 850 metr, hündürlüyü 53 metr olacaq. Kanat yolu ilə hərəkət müddəti təxminən 4 dəqiqə təşkil edəcək. 6 kabin vasitəsilə saatda 330 sərnişinin daşınması mümkün olacaq.
Xatırladaq ki, Balakən kanat yolu layihəsi Azərbaycan Respublikası Prezidentinin “Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 8 may 2025-ci il tarixli Sərəncamı ilə təsdiqlənib.
Layihənin həyata keçirilməsi bölgədə turizm infrastrukturunun inkişafına və ziyarətçilər üçün yeni imkanların yaradılmasına töhfə verəcək.








Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu




































































































