Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

Hazırda oxunan: Qusarın bu kəndində nə tibb işçisi var, nə də montyor... - İcra başçısına edilən ŞİKAYƏTLƏR/FOTO

611376

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Hiloba kəndində sakinlərlə görüşüb. 

Bizim.Media xəbər verir ki, səyyar qəbuldan əvvəl Hiloba kəndində şəhidlərin xatirə guşəsi ziyarət edilib. 

Səyyar qəbulda həmçinin RİH başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, kəndin sakinləri iştirak etmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İcra hakimiyyətinin başçısı Sahir Məmmədxanov sakinləri salamlayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsinin, onların problemlərinin operativ həllinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Rayon rəhbəri son dövrlərdə Qusar rayonunda qaz, elektrik enerjisi və su təchizatı, yolların təmiri, sosial infrastrukturun yenilənməsi sahələrində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
 

Sahir Məmmədxanov çıxışında qeyd edib ki, cari ilin mart və aprel aylarında respublika ərazisində, o cümlədən Qusar rayonunda müşahidə olunmuş yağışlı hava şəraiti nəticəsində bəzi yaşayış məntəqələrində yaranmış fəsadların aradan qaldırılması,  infrastrukturun bərpası məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aidiyyəti dövlət qurumlarına müvafiq maliyyə vəsaiti ayrılıb. 


Daha sonra qəbulda iştirak edən kənd sakinləri onları narahat edən məsələləri dilə gətirib, təklif və müraciətlərini səsləndiriblər. Sakinlər kənd tibb məntəqəsində tibb işçisinin olmaması, gənclərin idmanla məşğul olması üçün nəzərdə tutulmuş stadion ərazisinin başqa bir şəxsin adına rəsmiləşdirilməsi və həmin torpaq sahəsinə çıxarışın mövcud olması, kənd ərazisində elektrik xətlərinin və dirəklərin istismar müddətini başa vurması, yaşayış məntəqəsinin hələ də qazlaşdırılmaması və kənddə elektrik montyorunun olmaması ilə bağlı problemləri qaldıraraq, qeyd olunan məsələlərin həlli istiqamətində köməklik göstərilməsini xahiş ediblər.

İcra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qaldırılan hər bir məsələnin araşdırılması və həlli ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Bildirilib ki, həlli vaxt tələb edən məsələlər nəzarətə götürüləcək, icrası barədə vətəndaşlara məlumat veriləcək.

Səyyar qəbulda iştirak edən sakinlər göstərilən diqqət və qayğıya, problemlərinin həlli istiqamətində atılan addımlara görə ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


















Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin