“Nargilə”nin “SON NƏFƏSİ” - Bakının yaddaşından silinən görüş yerinin MARAQLI HEKAYƏSİ

Hazırda oxunan: “Nargilə”nin “SON NƏFƏSİ” - Bakının yaddaşından silinən görüş yerinin MARAQLI HEKAYƏSİ

607228

Bakının səs-küylü küçələrinin arasında bir yer var ki, onu artıq xəritədə axtarıb tapa bilməyəcəyik. Çünki tezliklə yeni yol çəkilməsi planlaşdırıldığı üçün, 60 ildir Bakının əsas “təyinat nöqtələrindən” olan bu kafe söküləcək. Paytaxt sakinlərinin  dəqiq ünvan deməyə gərək qalmadığı, təkcə adı yetdiyi “Nargilə” kafesi bundan sonra yaddaşlarda yaşayacaq.
 

MÖVZU İLƏ BAĞLI: 

“Nargilə” kafesi SÖKÜLƏCƏK – VİDEO


İllərin tozunu üstündə gəzdirən, amma heç vaxt köhnəlməyən “Nargilə” kafesi 1960-cı illərdə yaradılıb. O dövrdə bu tip yerlər çay, sadə milli yeməklər formatında olurdu. Şəhərin mərkəzindən kənar olduğuna görə dəbdəbəli məkan sayılmırdı, əsasən aşağı gəlirli sakinlərin və bölgələrdən gələn qonaqların yığışdığı sosial məkan kimi formalaşmışdı.

Köhnə masaları, solğun divarları olan bu kafenin deyirlər qəribə bir rahatlığı varmış. Sanki bura gələn adam öz yükünü qapının ağzında qoyurdu, armudu çay stəkanından qalxan buxar, qəlyanın tüstüsü yavaş-yavaş tavana qalxır və zaman ləngiyirdi.

Bu kafe çox şey görüb: gülüşlər, mübahisələr, gözləntilər. Şəhərin ən məşhur görüş yerlərindən biri idi – “Nargilənin qabağında gözləyəcəm” demək bəs edirdi.
 

90-cı illərin çətin günlərində bir çox “sovet obyekti” fəaliyyətini dayandırsa da, “Nargilə” bu sınaqdan çıxa bildi, klassik “köhnə Bakı kafesi” atmosferini qorudu. Daha neçə illəri aşırıb günümüzə gəlib çıxdı, amma bu dəfə Bakının yeni, rəsmi planından kənarda qaldı.


Uzun illər boyunca təkcə fəaliyyəti ilə deyil, mövcudluğu ilə də toponimə çevrilmişdi, bütöv ərazi kafenin adı ilə çağırılırdı. Yeri gəlmişkən, ərazi rəsmi sənədlərdə “Nargilə dairəsi” adı ilə keçir.

Bu əslində çox vacib faktdır, Azərbaycanda nadir hallarda bir obyekt adı rəsmən bütöv əraziyə verilir. Amma yaxın gələcəkdə bura artıq məkan yox, xatirə olaraq qalacaq...

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin