Qusar rayonunun Hil kəndində elektrik enerjisi şəbəkəsinin yenilənməsi kəndin elektrik enerjisi ilə təminatının keyfiyyətinin yüksəldilməsi, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədini daşıyır. Rayon ərazisində həyata keçirilən infrastruktur layihələrinin icra vəziyyəti ilə tanışlıq, eləcə də sakinlərin müraciət və təkliflərinin birbaşa dinlənilməsi məqsədilə sakinlərlə yerlərdə görüşlərin təşkili mütəmadi xarakter daşıyır.
Bizim.Media xəbər verir ki, aprelin 14-də rayonun Hil kəndində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Regional İdarəsinin müdiri, Qusar Rayon Elektrik Şəbəkəsinin məsul əməkdaşları, eləcə də kənddə elektrik şəbəkəsinin yenidən qurulması layihəsini icra edən podratçı təşkilatın nümayəndələrinin kənd sakinləri ilə görüşü keçirilib.
Görüş zamanı layihə çərçivəsində həyata keçiriləcək işlər barədə ətraflı məlumat verilərək bildirilmişdir ki, Hil kəndinin gələcək inkişafı nəzərə alınmaqla mövcud elektrik şəbəkəsi tam şəkildə yenidən qurulacaq.
Belə ki, Hil kəndinin elektrik enerjisi ilə təminatının keyfiyyətinin yüksəldilməsi, fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə kənddə yeni 24 ədəd transformator yarımstansiyası quraşdırılacaq, kəndi elektrik enerjisi ilə təmin edən 10 kv-luq və kənddaxili 0.4 kv-luq elektrik şəbəkəsi müasir tələblərə uyğun şəkildə yenidən qurulacaq, istismar müddətini başa vurmuş açıq tipli məftillər istifadədən çıxarılaraq izolyasiyalı naqillərlə əvəz olunacaq.
Sakinlər də öz növbəsində həyata keçiriləcək infrastruktur layihəsindən məmnunluqlarını ifadə etmiş, layihənin kəndin sosial rifahına mühüm töhfə verəcəyini bildiriblər.




Aytəkin Alxaslı ,Bizim.Media, Şimal bürosu.





































































































