“Verilən sərəncam Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğının bariz nümunəsidir”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva Prezident İlham Əliyevin birinci və ikinci dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsiylə bağlı imzaladığı sərəncama münasibət bildirərkən deyib. Millət vəkili bildirib ki, ölkə başçısının bu sərəncamı müraciət olunan qurumların da işini asanlaşdırdı:
“Ölkə başçısı növbəti dəfə çox hümanist bir addım atdı. Bu, hər birimiz üçün çox təqdiredici, əhəmiyyətli addımdır. Verilən sərəncam Azərbaycan vətəndaşına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Birinci və ikinci qrup əlillərin təhsil haqlarının onlara bağışlanması, ödənişdən azad edilməsi həqiqətən də misilsiz bir addımdır. Sözün əsl mənasında bu sərəncam veriləndən bəri ailəsində belə problemi olan və ya olmayan hər bir vətəndaş sevinir və sevinməlidir. Biz deputat olaraq bu mövzuda vətəndaşların yazılı müraciətləriylə tez-tez rastlaşırdıq. Vətəndaşlarımız təhsil haqlarını ödəməyə imkanları olmadıqları üçün onlara kömək edilməsini xahiş edirdilər. Hardasa bu sərəncam sadəcə onların deyil, eləcə də bununla bağlı müraciət edilən orqanların da işinə asanlıq gətirir. Bir daha qeyd edib ki, böyük ürəyi, misilsiz addımı üçün Prezidentimizə təşəkkür edirik və ona minnətdarıq”.xa0
Vasif Əlihüseyn




































































































