6 aylıq Ayan anasının qucağında ağlayır. Anası uşağı havaya qaldırıb, sakitləşməsi üçün atıb-tutur: “Həbsxanadan çıxandan belədir. Elə hey ağlayır...”.xa0
Sonra üzünü körpəyə tərəf çevirir: “Ağlama, qızım, ağlamalı günlərimiz geridə qaldı. Daha gül. Gül baxım, gül...”.
Dilbilməz körpə sanki anasının dediklərini anlayır və gülməyə başlayır. Körpə güldükcə anası daha da həvəslə uşağı atıb-tutur.
Ayanın anası Gündüz Babayeva dünən Prezident İlham Əliyevin əfv etdiyi 634 məhkumdan biridir. Daha bu sabah ana-bala 4 divarlar arasından azad olunub.
G. Babayeva 1986-ci ildə Astarada dünyaya gəlib. Məktəbi ancaq 6-ci sinfə qədər oxuyub. Evin böyük uşağı olduğundan ailənin bütün yükü onun balaca çiyinlərininə düşüb. Gündüz məktəbi atıb, özündən kiçik bacı-qardaşlarına baxıb. 18 yaşı olanda Gündüzü xalası oğlu Raminə ərə veriblər.
Bundan sonrasını Gündüzün dilindən dinləyirik.
-Ramin evə baxmırdı. Bütün günü orada-burada avaraçılıq edirdi, evə pul gətirmirdi. Uşaqlar yemək istəyirdi (köks ötürür). Fəhləlik edirdim. Qazancım da qəpik-quruş...
Gündüz səhərdən axşama qədər onun -bunun qapısında fəhləlik edəndə evdə onu 4 uşaq gözləyirdi: Rəhman, Əli, Təvəkkül və Amin. Uşaqlardan ən böyüyünün 12, ən kiçiyinin isə 5 yaşı vardı. Qazandığı isə uşaqların boğazına yetmirdi. Daim uşaqların nələrisə əskik olurdu. Belə bir vaxtda Gündüzə ərinin dostu tərəfindən “maraqlı” təklif gəlir:
- Raminlə dostu bizdə - həyətdə oturmuşdular. Uşaqları anamgilə qoymuşdum. Hazırlaşırdım ki, uşaqların dalınca gedim, Raminin dostu mənə dedi, Gündüz, al bu 20 manatı, filan yerdə qarşına adam çıxacaq, ona verərsən. O da sənə bir şey verəcək, onu da mənə gətirərsən. Həmin adamla görüşdüm, pulu verdim, paketi alıb gələndə yolda polis məni tutdu.

-Heç şübhələnmədiniz ki, paketdə nəsə ola bilər?
-Bildim...Amma nə biləydim ki, məni tuta bilərlər. Mənə demişdi ki, kənddə mənə vermirlər (L.M. -narkotiki nəzərdə tutur), sən götürsən, səndən heç kim şübhələnməz. O da... yolda tutdular məni. İndi həmin adam ölüb.xa0
-Necə?
-Mənim kimi çox adamı ilişdirib, biri də vurub öldürüb.
Beləliklə, 2017-ci ilin aprel ayında 4 uşaq anası 31 yaşlı qadın həbs olunur. G. Babayeva Cinayət Məcəlləsinin 234.2-ci (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə) maddəsi ilə 3 il azadlıqdan məhrum edilir. Həbs olunarkən, o, 5-ci övladına hamilə imiş.xa0
-Bir ay 10 günlük hamilə idim.
-Hamilə olduğunuzu həbsxanda öyrəndiniz, ya əvvəldən bilirdiniz?
-Bilirdim (susur). İlk dəfə idi uşaqlarımdan ayrı qalırdım. Həyat yoldaşımın qurbanı oldum. Paketi götürməyə o məni vadar elədi. Bir il 2 ay içəridə yatdım, bir dəfə olsun yanıma gəlmədi. Ümumiyyətlə, anamdan başqa kimsə məni itirib-axtarmadı.xa0
-Bacı-qardaşlarınız da?
-Bacım xəstədir. Qan xərçəngidir. Qardaşlarım da qara gün adamlarıdır. Öz uşaqlarını güclə dolandırırlar. Həm də qardaşlarım o hərəkətimə görə məndən çox incidilər. Dedilər, niyə kiminsə sözüylə belə iş tutmusan? Küsdülər məndən.

-Bəs övladlarınız?
- Balacaları anam bir dəfə yanıma gətirmişdi. Böyükləri qoymadım gətirsin. İstəmirdim həbsxananı görsünlər. Böyük uşaqdılar, beyinlərində qalmasın.xa0
-Amma həbsxanada olduğunu bilirdilər?
-Hə. Polis məni uşaqlarımın yanında tutmuşdu. Əslində istəməzdim ki, həbsdə olduğumu bilələr. Anam məhkəməyə də gətirmişdi ki, bəlkə hakimin ürəyi yumşalar, buraxalar məni. Sonra yoldaşım dedi, mənim ucbatımdan olub. Dost mənimdir. Gündüzü buraxın, məni tutun. Yenə də məni buraxmadılar. Ürəyimə daş basıb dözürdüm. Hər dəfə telefonla danışanda soruşurdular, mama, haçan gələcəksən? Cavab verə bilmirdim.xa0
Gündüz həbsxanadakı şəraitdən razılıq edir. Deyir, yaxşı yemək verirdilər. Lakin...
-Lakin dörd divar arası çox pis, çətindir. Heç kimi arzulamaram. Bir daha həyatımda belə səhv etmərəm. Hələ də peşmançılığımı ata bilmirəm. Çox böyük səhv etmişəm. Qadının yeri ora deyil. Hələ hamilə qadının heç yeri deyil. Dəhşətdir... Ayan həbsxanada dünyaya gəldi. Yaxşı ki, o vardı. Başımı onunla qatırdım.
İndi keçək Ayana. Bu adı ona anası verib. Ayan gözünü açıb həbsxanada divarlarını görüb. Həbsxana uşaq üçün necə doğmalaşıbsa, çıxandan bəri kürlük edir. Bəlkə də səbəb başqadır, amma Gündüz uşağın narahatlığına belə izah verir.xa0 Ayandan başqa anası ilə birgə həbsxana həyatı yaşayan daha 2 körpə də varmış.
-Onlar da əfv ərizəsi yazmışdılar. Onların maddəsi əfvə düşmədi. Dünən xeyli ağladılar...
Əli ilə Amin anasının yanındadır. Rəhmanla Təvəkkül isə kənddədir. Yaşlı anası uşaqların dördünə də baxa bilməyib, ikisini saxlamağa uşaqların xalasına verib. Analarının azad olduğundan hələ xəbərsizdirlər, Gündüz sürpriz etmək istəyir.
6 ay əvvəl dünyaya gəlsə də, Əli ilə Amin Ayanı ilk dəfə bu gün görüb. Hətta Amin o qədər sevincəkdir ki, gedib-gəlir bacısını sığallayır, ayağını qucaqlayıb dabanın öpür. Əli isə çox utancaqdır. Yaxınlaşmır.xa0
-Düzü, əfv ərizəsi yazsam da, inanmırdım ki, belə tezliklə çıxaram. Dünən mənə əfv olunduğum deyiləndə şoka düşdüm. Bilmirdim hara qaçım?! Allah Prezidentimiz İlham Əliyevdən, xanımı Mehriban xanımdan razı olsun. Məni balalarıma qovuşdurdu. Gecə səhərə kimi yatmamışam. Səhərin açılmasını gözləmişəm. Həyatımın ən uzun gecəsini yaşadım. Vaxt getmirdi. Əslində həbsdən çıxan kimi rayona gedəcəkdim, maşın olmadı. Olsun, bir gün də dözərəm. Yəqin həyəcandan bu gecə də yatmaram. Sabah nəhayət balalarımı görəcəyəm.

-Həyat yoldaşınızla münasibətiniz necədir?
-Belə də... Anam bir az acığa düşüb, deyir, həbsdə olanda bir dəfə sənə baş çəkmədi, ayrıl ondan. Amma yoldaşım ayrılmaq istəmir.
-Bəs siz nə istəyirsiniz?
-İstəyirəm ailəmi başıma yığım. Bir yerdə olaq. Həbsə düşəndən uşaqlar məktəbə getmir. Uşaqların təhsili ilə məşğul olmaq istəyirəm.
Sonra Ayanı göstərir: “Buna həbsxanada gül kimi baxmışam”. Sonra Əlinin çirkli əlini və arası torpaqla dolu uzun dırnaqlarını işarə edərək: “Mən yanlarında olsaydım, oğlumun dırnaqları belə olardı? Allah heç bir uşağı anasız eləməsin. Anam sağ olsun, pis-yaxşı baxıb”.
Sabah Gündüz düz bir il 2 aydan sonra evinə qayıdır. Soyumuş ocağını yenidən yandırmağa. Deyir, iş tapıb işləyəcək, uşaqlarını kimsəyə möhtac qoymayacaq. Lakin gücünü toplayana qədər Gündüzün hər birimizin maddi və mənəvi köməyinə ehtiyacı var. Ona yardım etmək istəyən varsa, “Yeni Müsavat” qəzetinin redaksiyası ilə əlaqə saxlaya bilər.(musavat.com)
































































































