Məmləkət insanını aprelin 11 - də seçki sandığından kimin daha çox səs toplayacağı o qədər də maraqlandırmır. Çünki seçkinin favoriti də əvvəlcədən bəllidir, autsayderi də. Bir cümlə ilə qeyd edək ki, müstəqil Azərbaycanın tarixində 11 aprel seçkiləri qədər rahat və kimsənin ruhun incitmədən keçən ikinci bir seçki olmayacaq. Əslində çoxsaylı sosial-humanitar problemlər məngənəsində var - gəl edən ölkə vətəndaşını seçkilərdən sonra baş verəcəklər maraqlandırır. Bu baxımdan ən çox arzulanan məhz Qarabağ düyünündən betər bir bəlaya çevrilmiş problemli bank kreditlərinin taleyinə nəhayət aydınlıq gətirilməsidir. Daha doğrusu, sadə vətəndaş elə zənn edir və o ümidlə 11 aprel seçkilərini gözləyir ki, yekdilliklə seçiləcəyi kimsədə şübhə doğurmayan İlham Əliyev inauqurasiyadan dərhal sonra bu sahədəki xaosu aradan qaldıracaq “qızıl amnistiya” elan edəcək. Təsadüfi deyil ki, parlamentin ötən iclasında çıxış edən YAP icra katibinin müavini Siyavuş Novruzov da seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonları dolaşarkən hamının onlardan məhz kreditlərin taleyi barədə soruşduqlarını, intizarla bu məslədə çözüm olub-olmayacağını dilə gətirdiklərini bildirib. Hakim partiya təmsilçisi bu etirafları dilə gətirərkən Maliyyə Bazarlarına Nəzarət Palatasının ünvanına da ittihamlar səsləndirməklə əslində baiskarın ünvanını üstüörtülü göstərmiş olub:
“Hər görüşdə seçicilərin əsas qaldırdıqları məsələ kreditlərlə bağlıdır. İstərdim ki, bu məsələ ciddi araşdırılsın. Biz iki ilə yaxındır MBNP yaratdıq, amma bu qurumdan bu günədək nə səs var, nə soraq. Biz burda qanunda dəyişiklik etdik ki, valyutadəyişmə məntəqələri yenidən bərpa olunsun. Vaxtilə minlərlə insan həmin məntəqələrdə çalışaraq ailəsinə çörək qazanırdı. İndi isə bu sahə kiminsə inhisarına çevrilib və qanun qəbul olunmasına baxmayaraq imkan vermir ki, yenidən bu məntəqələr fəaliyyətə başlasın. Bunların hamısına aydınlıq gətirilməlidir. Ona görə də hesab edirəm ki, hörmətli Ziyad Səmədzadə növbəti dəfə banklarla bağlı məsələlərin müzakirəsi zamanı məruzə edərkən məhz bu məqamlara da aydınlıq gətirsin.xa0
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da Siyavuş Novruzovdan sonra söz alaraq onun fikirlərini dəstəklədiyini bildirib:
“Məlumatlar var ki, MBNP - də ikihakimiyyətlilik hökm sürür, intriqalar baş alıb gedir, faktiki olaraq bu qurumun özü iflic vəziyyətdədir. Bəs onda onlar orda nəyə oturublar? Hardadır bunların fəaliyyətlərinin nəticələri? Ona görə də hörmətli Oqtay müəllim, sizdən artıq dərəcədə xahiş edirəm ki, seçkilərdən sonra bu məsələnin gündəliyə gələrək həll olunması üçün konkret addımların atılması üçün təsir göstərəsiniz".xa0
Yeri gəlmişkən, prezidentliyə namizədlər də debatlar zamanı bank kreditlərindəki acınacaqlı durumdan bəhs edərkən MBNP rəhbərliyi haqqında tənqidi mövqe sərgiləyiblər. Bu azmış kimi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev MBNP sədri Rüfət Aslanlı haqqında daha sərt ifadələr işlədərək onu tənqid atəşinə tutub:xa0xa0
"Camaat dərdini danışmaq üçün Rüfət Aslanlının yanına gedəndə deyir ki gedin prezident sizə kömək eləsin. Görün bunlar nə qədər harınlaşıblar? Rüfət Aslanlı gedib Fransada öz adına şampan buraxdırır və şüşənin də üstündə pilləkən qoydurur ki, mən həmin pilləkənlərlə çıxaraq prezident olacam. Sənin kimi bir neçə nazir də vardı ki, onlar da pilləkənlərlə yuxarı dırmaşırdılar, pilləkəni ayaqlarının altından götürdük, yıxıldılar. Rüfət Aslanlı, özünə 50 min manat maaş yazırsan, amma Azərbaycan xalqı kredit içində boğulur".

Xatırladaq ki, bir neçə ay öncə doğrudan da üzərində Rüfət Aslanlı yazılmış şampan yox, şərab şüşələrinin istehsal olunduğu zavoddan videogörüntülər mediaya ayaq açmışdı və o zaman bu məsələyə ictimaiyyəti qane edən, yəni yaranmış suallara aydınlıq gətirilməsi istiqamətində qurumdan açıqlama gəlmədi. Sadəcə bildirildi ki, həmin şərab şüşələri məhdud sayda istehsal olunub və Fransadakı zavodlarda istənilən şəxs gedib öz adını-soyadını şüşənin üzərində yazılmasını sifariş verə bilər. Amma Rüfət Aslanlı təbii ki, bir məmur olaraq hətta belə bir hobbisi olmuş olsa belə ondan imtina etməliydi və öz davranışları ilə başqalarına nümunə olmalıydı. Təəssüf ki, o bu məsələdə də yaxşı nümunə ortaya qoya bilmədi...
Sonda Hafiz Hacıyevin haqqında bəhs etdiyi məşhur şərabların istehsal prosesini əks etdirən videonu oxuculara təqdim edirik:





























































































