Hər bir azərbaycanlını təhsilimizin müasir durumu və inkişaf perspektivləri düşündürməyə bilməz, çünki cəmiyyətimizin və dövlətimizin gələcəyi xeyli dərəcədə məhz bu sosiomədəni amildən asılıdır. Xalqımızın ziyalısı kimi, onun fəlsəfəşünası və müəllimi kimi məni də bu məsələ xeyli vaxtdır ki, narahat edir və məhz bu səbəbdən hazırkı məqalənin yazılmasına ehtiyac yaranmışdır. Məqalənin yazılmasında başlıca məqsəd ənənəvi qaydada hansısa dövlət məmurunu və ya şəxsi qınamaq, konkret günahkar axtarmaq deyildir. Zənnimcə, indiki vəziyyətdə əsas məsələ təhsilimizdə mövcud olan və bütün cəmiyyəti narahat edən problemlərin yaranma səbəblərini üzə çıxarmaqdır, çünki, tibbi dildə ifadə etsək, diaqnoz düzgün qoyulmayanda xəstəni də sağaltmaq çətin olur.xa0
Gəlin etiraf edək ki, təhsilimizin müasir durumundan (xüsusən məktəb təhsilindən), demək olar, hamı narazıdır. Belə demək mümkünsə, bu vəziyyət cəmiyyətin savadlılıq səviyyəsinin artırılmasına xidmət etmir, əksinə, müsbət nə varsa, o da əldən getməkdədir (bu fikri sübut edən idarəetmə və istehsalın bütün səviyyələri və istiqamətlərində savadlı kadr çatızmazlığı faktıdır). Araşdırıcılar adətən vəziyyətdən çıxış yolu kimi təhsilə cavab verən şəxsləri diqqət mərkəzinə gətirir və onların tənqidi ilə məşğul olurlar. Lakin bu gedişlə məsələnin köklü həllinə nail olmaq mümkündürmü? Zənnimcə, yox! Və bu həqiqəti, məncə, əksəriyyət başa düşür. Bununla yanaşı, məsələnin əsaslı izahına sanki cəhd edilmir və ya bu cəhd uğurlu alınmır. Bəlkə ona görə ki, yaranmış vəziyyətə bir qədər fərqli prizmadan yanaşmaq tələb olunur. xa0
Nə üçün nisbətən yaşlı mütəxəssislər və ümumən vətəndaşlar Sovet təhsil sistemini bir qayda olaraq daha üstün qiymətləndirirlər? Çünki o dövrün 3 alanı da müəyyən biliklərə sahib olurdu. Bunun səbəbi nə idi? Zənnimcə, ilk növbədə, müəllimin nüfuzu! Təcrübə onu göstərir ki, Azərbaycanda istənilən öyrənci yalnız iki halda dərsə ciddi yanaşır: ya müəllimi sevir və ya ondan ehtiyat edir (çünki alacağı qiymət yalnız ondan asılı olur) və ona görə də dərslərini yaxşı oxumağa çalışır (bu təfəkkürün daşıyıcıları əksəriyyətdir), ya da şüurlu şəkildə başa düşür ki (belələrinin sayı azlıq təşkil edir), yalnız savadlı olmaqla cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı əldə edir.xa0
Etiraf etməliyik ki, indiki vəziyyətdə əksər müəllimlərin maddi durumu və onların bir sosial təbəqə olaraq cəmiyyətdə layiqli yer tutması, öyrəncisi qarşısında nüfuz sahibi olması ürəkaçan deyil. Bunu təsdiq etmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur, sadəcə məktəblərimizdə çalışan kişi və qadın müəllimlərin nisbətini nəzərə almaq kifayət edir. Bunu, yəni müəllimin nüfuzdan düşməsini, əlbəttə ki, öyrəncilər də görür. Bu yerdə xalq arasında məşhur olan bir lətifəni söyləmək, zənnimcə, yerinə düşərdi. İki gənc yolda bir dilənçiyə rast gəlir. Gənclərdən biri əyilib dilənçiyə xeyli sayda pul verir. Təəccüblənən digəri bu məsələyə aydınlıq gətirmək üçün yoldaşına sual verəndə, cavabı belə olur ”“ bu dilənçi mənim müəllimim olub. Yaxşı ki, vaxtında müəllimin sözünə qulaq asıb oxumamışam, yoxsa indi mən də onun vəziyyətində olardım. Deməli, müəllimin nüfuzu işləmirsə, savadlı olmaq məsələsi qalır öyrəncinin öz ixtiyarına. Bax bu yerdə müasir təlim sistemləri ilk baxışdan cazibədar görünür. Hətta belə hesab edilir ki, müəllimin nüfuzuna elə bir ehtiyac da yoxdur və fəal, interaktiv təlim üsullarının tətbiqi ilə, kurikumların köməkliyi ilə vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Bu təfəkkürlə təqribən 20 ildir ki, mütərəqqi Qərb təhsil sisteminin məktəblərdə tətbiqi bütün qüvvə ilə, inadkarlıqla həyata keçirilir. Təəssüf ki, nəticə gözləntilərimizi doğrultmur. Buna inanmaq üçün Tələbə Qəbulu Komissiyasının (köhnə adı ilə) hər il açıqladığı imtahan nəticələrinin mənfi dinamikasına nəzər yetirmək kifayət edir. Lakin yaranmış vəziyyəti universitetlərimizdə təhsil alan tələbələrin intellektual səviyyəsi də açıq şəkilkdə göstərir. Auditoriyalarda dərs demək ildən ilə çətinləşir (ilk növbədə ona görə ki, tələbələrin əksəriyyəti sadəcə oxumaq istəmirlər). Gizli deyil ki, tələbələrin bəziləri adi cümləni belə düzgün yaza bilmirlər. Bəlkə Qərbin mütərəqqi interaktiv təlim metodları doğru deyildir? Xeyr, onlar Avropa və ümumən Qərb təhsil sistemində öz effektivliyini artıq sübut etmişdir. Bəs onda problemin kökü nədədir?
İnteraktiv təlim metodları Avropa təfəkkürünün və həyat tərzinin məhsuludur desək, yanılmarıq. Ümumiyyətlə, Bolonya sistemindən tutmuş Qərbin istənilən tipli mütərəqqi təlim üsulları şüurlu, məsuliyyətli, azad düşüncə və seçim bacarığına malik öyrənciləri nəzərdə tutur. Bu üsulların meydana gəlməsi və tətbiqi süni şəkildə olmayıb, Avropa insanın təhsilə olan tələbindən, müvafiq sosial sifarişindən qaynaqlanır. Dediklərimi daha aydın izah etmək üçün demokratiya deyilən bir siyasi sistemin Şərq ölkələrində tam uğursuzluğa uğrayan tətbiqi faktına nəzər yetirmək kifayət edir. Nə üçün Şərq ölkələrində demokratik prinsiplər işləmir və onun tətbiqi əks effekt verir? Çünki süni şəkildə həyata keçirilir! Belə ki, Şərq insanının təfəkkürü hələ liberal dəyərləri həzm etmək imkanında deyildir. Əlbəttə ki, burada söhbət cəmiyyətin əksəriyyətindən gedir. Biz demokratiyadan geninə-boluna danışa bilərik, lakin vəzifə veriləndən sonra Şərq insanının avtoritarizmə doğru nə dərəcədə dəyişə bildiyinin gündəlik həyatımızda canlı şahidiyik. Başqa cür də iş getmir, yəni cəmiyyəti demokratik üsullarla idarə etmək mümkün olmur, çünki Şərqdə birinci şəxsin sözü (fəaliyyətin növündən asılı olmayaraq) əhəmiyyətlidir, keçərlidir, effektivdir! Bu mənim üçün bir gerçəklikdir və əgər oxuculardan kimsə söynənilən fikirlə razı deyilsə, bu onun haqqıdır və fərqli mövqeyini ortaya qoya bilər. Qərbdə vətəndaş anlayışı qanunun aliliyini, onun qarşısında hamının eyni dərəcədə məsuliyyət daşımasını nəzərdə tutur ki, bu gerçəklik də oradakı insanların azad təfəkküründən qaynaqlanır. Şərq insanı isə buna hazır deyil, çünki onun fikri azad təfəkkürə deyil, birinci şəxsin nüfuzuna əsaslanır və ona görə də Qərbdə nazirlər işə velosipedlə getdikləri halda, ən azından Azərbaycanda belə davranış özünə hörmətsizlikdən başqa bir anlama gəlmir.
Beləliklə, nə üçün təhsil sistemimizə inadkarlıqla yeridilən Qərbin interaktiv və digər mütərəqqi təlim metodları gözlənilən nəticəni vermir və ya ümidləri doğrultmur? Cavab aydındır ”“ çünki süni şəkildə həyata keçirilir, yəni bu zaman insanlarımızın dünyagörüşü, mentaliteti, davranış stereotipi nəzərə alınmır. Ona görə də bizim öyrəncilərimiz nəinki oxumaq istəmir, hətta mütaliə etmək tövsiyyəsi əksəriyyətində ikrah hissi oyadır. Faktiki olaraq, məktəblərimiz hərtərəfli biliyə malik şagird deyil, “tapmaca tapan”x9d (bu anlayışı test sisteminin yerli-yersiz tətbiqindən yaranan vəziyyət kimi işlədirəm) öyrənci formalaşdırırlar. Şübhəsiz ki, mütərəqqi tədris üsulları tətbiq edilməlidir. Məsələn, qəbul imtahanlarında test sisteminin tətbiqi Azərbaycan təhsilinə xeyli fayda gətirdi. Bunu danmaq mümkün deyil. Test sistemi ən azından abiturientlərin obyektiv qiymətləndirilməsinə imkan yaratdı. Lakin hər bir işin ifratı yaxşı nəticələr vəd etmir. Zənnimcə, götür-qoy etmədən təhsilin bütün səviyyələrini və istiqamətlərini xa0testləşdirmək, gənclərimizi kreativ düşüncədən uzaqlaşdırmaq deməkdir. Məsələyə daha konkret yanaşaq. Axı aydındır ki, jurnalistika, pedaqogika və digər humanitar yönlü fənlərə aid imtahanlara test sisteminin mütləq tətbiqi doğru yanaşma deyildir, çünki bu peşəyə yiyələnənlər ən azından danışmağı, fikir ifadə etməyi bacarmalıdırlar. Eyni yanaşmanı universitetlərdəki təlim prosesinə də aid etmək olar. Fəlsəfədən dərs deyən istənilən müəllim yaxşı bilir ki, bu bilik sahəsində konkret, müəyyən şeylər azdır, abstrakt, qeyri-müəyyən olanlar isə çoxdur. Fəlsəfədə qəti mühakimə yoxdur, müxtəlif yanaşmalar vardır, yəni bu bilik sahəsi fikir ayrılığını sevir, çünki mahiyyəti baxımından plüralistdir. Fəlsəfədə materialist də, idealist də, dualist də, panteist də öz mövqeyində əsaslıdır və haqlıdır. Belə bir fənnin tədris prosesini necə testləşdirmək olar? Burada müəllimin şərhi olduqca böyük əhəmiyyət daşıyır. Aydındır ki, test sistemi daha çox dəqiq elmlərə uyğundur və ona görə də öz effektivliyini sübut etməkdədir.xa0
Sonda, icazənizlə, mövzudan bir haşiyə çıxmaq istərdim. Son dövrlər fəlsəfə fənninin universitetlərdə tədris fənni kimi aşağılanması təmayülü xeyli narahatlıq yaratmaqdadır. Sirr deyil ki, əksər universitetlərdə fəlsəfə fənninə ayrılacaq dərs saatlarını tədrisə cavabdeh olanlar (həm nazirlik, həm də universitet səviyyəsində) azaltmaqdadırlar. İlk baxışda “lazımsız elm”x9d kimi anlaşılan bu fənnə yaranmış yanlış münasibət (xüsusən dəqiq elmlərin nümayəndələri tərəfindən) perspektivdə cəmiyyətimiz üçün olduqca təhlükəli problemlər yarada bilər. Nə üçün? Fəlsəfə xa0 dünyagörüşünün üç tarixi tipindən biri və yaranması baxımından sonuncusudur. Onun tədrisi insanlarda sərbəst düşüncə qabiliyyətinin formalaşdırılmasına xidmət edir. Hazırkı dönəmdə yalnız iki dünyagörüşü əhəmiyyət daşıyır (üçüncüsü mifologiyadır) ”“ din və fəlsəfə. Aydındır ki, fəlsəfənin yoxluğu, dini təfəkkürün dominantlığına yol açır. Konstitusiyamıza görə, Azərbaycan Respublikası dünyəvi dövlətdir. Bəs bu dünyəviliyi hansı fənn formalaşdırmalıdır? Başqa sözlə, fəlsəfənin aşağılandığı bir mühitdə sərbəst düşüncə tərzindən uzaq olan və yaxşını pisdən ayırmağı bacarmayan gəncin çox asanlıqla dini ekstremizm qurbanına çevrilməsi ehtimalı vardır ki, nadanlıqdan yaranan belə bir vəziyyətin də sonu fanatizmdir. Oradan isə dini münaqişələrə sadəcə bir addım qalır. Ən azından M.F.Axundovdan tutmuş digər dəyərli maarifçilərimiz öz həyatlarını məhz dini fanatizmə, nadanlığa qarşı mübarizəyə həsr etmişlər. Qaldırılan məsələyə qeyri-ciddi münasibət, ehtimal ki, gələcəkdə cəmiyyətimizi Yaxın Şərqdə cərəyan edən faciəvi proseslərə oxşar fəsadlarla üzləşdirə bilər. Hər halda bu bir ehtimaldır və zənnimcə, özünə tam ciddi bir münasibət tələb edir.
Beləliklə, Azərbaycanda təhsil sisteminin mütərəqqi təmayülü üçün, onun daha effektiv və səmərəli olması üçün müxtəlif tipli (yəni həm ənənəvi, həm də modern) təlim sistemlərinin üstün cəhətlərinin (bizim reallığa uyğunluğunu nəzərə almaqla) həyata keçirilməsini tövsiyə etmək istərdim. Təhsil prosesindəki mövcud uğursuzluqlarda konkret günahkar axtarmaq cəhdləri bir nəticə verməz. Bu problem təhsil probleminə kompleks yanaşmanı, fəlsəfi dildə desək, dialektik yanaşmanı, onun kökündən həll edilməsini nəzərdə tutur. Bunun üçün yuxarıda qaldırılan məsələlərin bir daha nəzərdən keçirilməsinə, onların hərətərfli və geniş müzakirəsinə və bu əsasda, vəziyyətdən optimal çıxış yolunun (yəni təhsil problemlərinin həlli ilə məşğul olan bütün tərəfləri qane edə biləcək ortaq məxrəcin) tapılmasına ehtiyac yaranır. Hər halda, hazırkı məqalənin yazılması da məhz bu istəkdən irəli gəlir.xa0
Rövşən Hacıyev,
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent
































































































