ABŞ-ı ya qadın, ya da populist prezident idarə edə bilər

Hazırda oxunan: ABŞ-ı ya qadın, ya da populist prezident idarə edə bilər

134082
Donald Trampı artıq Respublikaçılar Partiyasının əsas namizədi də adlandırmaq olar. Çünki ABŞ-da son olaraq 5 ştatda keçirilən praymerizlər onun partiya daxilindəki qələbəsini təmin edib. Merilend, Konnektikut, Pensilvaniya, Delaver və Rod-Aylend ştatlarından baş tutan ilkin seçkilərdə D.Tramp səslərin 50 faizdən çoxunu toplayıb. Demokratlardan  Hillari Klinton isə 5 ştatdan dördündə qələbə qazanıb.

Bu nəticələrə görə, iyulun 18-21-də Klivlenddə respublikaçıların qurultayında 172 konqres nümayəndəsi noyabrda keçiriləcək prezident seçkilərində partiya adından kimin rəsmi namizəd olacağına qərar verəcək. Bu namizədin D.Trampın olmaması üçün artıq onun iki rəqibi birləşmək qərarına gəlib. Bu, Amerika seçkilərində təsadüf olunmayan bir haldır ki, prezidentliyə digər iki respublikaçı namizəd Ted Kruz və Çon Kasiç praymerizlərdə liderlik edən D.Trampa qarşı əməkdaşlıq barədə razılığa gəliblər. Onlar qarşıdan gələn İndiana, Oreqon və Nyu-Meksiko ştatlarında praymerizdə bir-birinə kömək üçün birləşəcəklər.

Qeyd edək ki, bir çox ekspertlər D.Trampı dəli adlandırırlar. Ancaq buna baxmayaraq, görünür o, Amerika əhalisini öz çıxışları ilə inandıra bilib.

Musavat.com-un ın suallarını cavablandıran Elxan Şahinoğlunun fikrincə, son praymerizlərin nəticələrindən sonra mənzərə demək olar ki, aydındır: “Böyük ehtimalla demokratların namizədi Hillari Klinton, respulikaçıların namizədi isə Donald Tramp olacaq. Düzdür, Respulikaçılar Partiyasının rəhbərliyində heç də hamı Donald Trampdan razı deyil. Onun açıqlamaları, özünü aparması partiyasının rəhbərliyinin xoşuna gəlmir. Ancaq ilkin seçkilərin nəticələri belədir ki, partiya rəhbərliyi artıq seçkilərə müdaxilə edə bilməz. Yəni, Ted Kruzu D.Trampın başı üzərindən namizəd verə bilməz. Ona görə də, son anda partiya D.Trampın namizədliyi üzərində qalacaq və rəhbərlik də bunu təsdiqləmək məcburiyyətində qalacaq. Əsas məsələ odur ki, Donald Tramp üçün vitse-prezidentliyə kimi namizəd göstərəcəklər. Özü çılğın olduğu qədər ətrafı sakit olmalıdır, hər məsələdə o, partiya rəhbərliyi ilə müzakirə aparmalıdır, məsləhətləşməlidir. Vitse-prezident isə daha təcrübəli, vaxtilə Konqresdə təmsil olunan biri olmalıdır. Yəni, Respulikaçılar Partiyası artıq prosesə yalnız vitse-prezidenti seçməklə təsir edə bilər. Namizədlik məsələsi isə artıq həll olunub. Mənzərə ondan ibarətdir ki, gələcək prezident seçkisində H.Klintonla D.Tramp yarışacaq”x9d. 

Politoloqun fikrincə, D.Tramp prezindet olsa belə, vədlərini həyata keçirə bilməyəcək: “Biz əvvəl daha çox H.Klintonun qələbə çalmasından danışırdıq ki, Konqresdə təmsil olunub, Ağ evin siyasətinə bələddir, uzun illər dövlət katibi işləyib, siyasi proseslərdən başı çıxan birisidir. Ancaq bu, o demək deyil ki, onun D.Trampla nisbətdə şansları daha artıqdır. D.Tramp populist çıxışlarla insanları inandırmağa çalışır. İnsanların bir qismi də D.Trampın populist çıxışlarına inanır. Onun miqrantları Amerikaya buraxmamaqla, Meksika ilə sərhədə sədd çəkməklə və ya xarici siyasətlə bağlı çıxışları olub. Ancaq o, prezident seçilsə belə, bunların çoxunu reallaşdıra bilməyəcək. Əgər həyata keçirsə, həm Amerikanı dünyadan təcrid edə, həm də xarici siyasətdə çox böyük uğursuzluqlarla üzləşə bilər. Yəni, namizədlərin indi dediyi sözlər elə qəbul olunmamalıdır ki, onlar Ağ evə  yiyələnən kimi bütün vədləri həyata keçirməyə başlayacaq. D.Tramp Ağ evə yiyələnsə, H.Klinton üzərində qələbə çalsa, müşavirləri və vitse-prezidenti onu çılğın addımlardan çəkindirməyə çalışacaqlar. Əks halda D.Tramp ölkəsini elə bir vəziyyətə gətirib, çıxara bilər ki, həm müşavirlərin, həm də ordu komandanlığının qəzəbinə tuş gələ bilər. Ordu generallarından bir çoxu D.Trampın əleyhinə çıxırlar ki, onun açıqlamaları Amerikanı uçuruma apara bilər. Bu, ordu komandanlığının ciddi bir mesajı idi ki, əgər gələcəkdə prezident olsa, indiki vədlərindən çəkinməlidir, daxili və xarici siyasətində Amerikanın ənənəvi siyasətinə sadiq qalmalıdır. Demokratlar Partiyasına gəlincə, mən Sandersin mövqelərinin H.Klintonun mövqelərinə yaxınlaşacağını gözləmirəm. Sanderi də bir qədər D.Trampa bənzətmək olar. Çünki o, radikal sol cərəyana məxsusdur. O da elə vədlər verir ki, Amerikada reallaşması çətindir. Ona görə də Sandersin şansı yüksək deyil. Elə H.Klintonla baş-başa mübarizə aparan belə bir siyasətçinin meydana çıxması da böyük uğurdur. 

Ekspert vurğuladı ki, bu il yenə də Amerika seçkilərində ilk yaşanacaq: “Ötən seçkilərdə bir ilk yaşandı və qaradərili şəxs prezident oldu. Bu dəfə də ilk olacaq. Ya qadın prezident seçiləcək, ya da Amerika tarixində görünməmiş populist  prezident olacaq”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin