Ay camaat, sizi and verirəm bu kasıb, bu yoxsul, bu ac qalan millətin bütün and yerlərinə. Buraxın məni! Qorxmayın, vallah-billah vuran deyiləm. Ayə, burax qolumu! Sən də ayağımı burax. Vallah, ona bir-iki kəlmə deyəcəyim var. Bəri gəl. Yaxın dur... Dedim axı, vurmayacağam. Sadəcə deyəcəklərim var... Buraxın... sən də burax... ay sağ ol.
Ə, ay sənin boyunu yerə soxum.
Ay sənin ciyərin yansın. Necə ki, mən yanıram.
Heç utanmırsan?
Mən də səni bir kişi bilirdim.
Telekanallarda ağız-ağıza verib səni tərifləyən iqtisadçılara, məddah politiklərə, yüksək çinli məmurlara qulaq asanda elə bilirdim ki, dünyada səndən güclüsü yoxdur. Elə qanırdım ki, axar sular quruyar, dağlar başını dərəyə soxar, yer göy ilə birləşər, nöyüt quyularımız asqırıb, öskürüb dayanar, amma sənə heç nə olmaz. Sən yenə də papağını yan qoyub heç olmazsa, “regionda liderliy”x9dini qoruyarsan.
Elə düşünürdüm ki, rialdan, lirədən, rubldan, qrandan qat-qat güclüsən.
Hayıf mənim zənnimdən.
“Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.”x9d
Sən nə etibarsız zadsanmış.
Sən nə ayağısürüşkən şeysənmiş.
Sən nə zatıqırıxsanmış.
Sən heç iyencən də yoxsanmış.
Adını da Manat qoymusan. Ə, sənin heç qəpiklik dəyərin də yoxmuş.
Hayıf mənim cibimdən. Gör, bu yazıq cibim hansı maymağın dərdindən dəli-divanəymiş.
Ayə, ay sənin...
Ayə, axı sən analoqu olmayan sürətlə iqtisadi inkişaf yolu ilə şütüyən bir ölkənin öndə gedən əskinasıydın.
Ayə, ABŞ dollarına kəllə, avroya təpik atan sən deyildin?
Ə, bəs niyə dinmirsən?
Balam, Avropa Oyunlarında rəqib tanımırdın. Arxan nə tez yerə dəydi? Sən heç arxa çevirməli deyilsənmiş. Elə bu sifətinə görə də neçə-neçə vəzifəli-vəzifəsiz yekə dadaş qarakök səndən üz çevirib əzəldən öz meyllərini xarici valyutalara salmışdılar. Səndən tez yaxa qurtarmaq üçün qazanclarını dərhal ölkə daxilində və xaricində daşınmaz əmlaklara yatırmışdılar. Biri-birinə rüşvət adıyla ötürüb əvəzində məmur olmuşdular, general olmuşdular, deputat olmuşdular. Ə, sənin ən pis günündə də qazanan həmin dadaşlar olacaq. Amma sənin meyitini bu yazıq qara camaat ağlayacaq. Səni yuyub kəfənləyən, çiyninə alıb qəbiristanlığa aparan, gor yerinə qoyub üstünü torpaqlayan bu yoxsul kütlə olacaq. Sən isə şax-şax şaqqıldayanda o kasıb adamların üzünə də baxmaq istəmirdin.
Səni nöyüt quyusunda itirim.
Nöyütün baha vaxtında heç bu sadə adamların ”“ müəllimlərin, fəhlələrin, kəndlilərin, təqaüdçülərin, tələbələrin, boşboğaz şairlərin, jurnalistlərin, ayrı-ayrı peşə adamlarının qapısını tanımırdın, xeyrinə, şərinə yaramırdın. Gedib oturmuşdun banklarda, özünü qoymuşdun naza. Kredit olmuşdun. Ə, nöyüt qiymətdən düşdükcə nə ayağımıza döşənib arvad kimi zıqqıldayırsan? İndi qohum çıxdıq?..
Adını da Manat qoymusan.
Lap milli futbol komandamız kimi bivecsənmiş.
Qorxuram, milli ordumuz da sənə çəksin.
Qulağınızı çəkin, ay camaat, qulağınızı çəkin. Kiş-kişlər olsun... Əgər milli ordumuz da bu Manat müəllim kimi analoqu olmayan güc sahibi olsa, vay bizim halımıza.
Ə, bəri dur, Manat oğlu Manat, bir devalvasiya nədir ki, bircə zərbəsindən nokauta düşdün? Ə, qırışmal, səni bizim belimizdən çıxarıblar, canımızdan dartıblar, qanımızdan sovurublar. Ə, ay bizdən olub bizə oxşamayan, niyə belə dözümsüz çıxdın? Ə, axı biz dözümlü millətik. Bəs nə üçün ermənipərəst oldun?
Ay camaat, tutun məni, yoxsa bu Manatı cırım-cırım cıracam. Ayə, tutun məni... Yoxsa bunu vurub tutulacam. Millətə xor baxana devalvasiya qənim olarmış... Yaşasın devalvasiya! Manata ölüm!
Fəxrəddin Orxan































































































