Emin Hüseynov: “Ağdamda bəzi xarabalıqlar qalsa da, Füzuli tamamilə yer üzündən silinmişdi”

Hazırda oxunan: Emin Hüseynov: “Ağdamda bəzi xarabalıqlar qalsa da, Füzuli tamamilə yer üzündən silinmişdi”

614743

"Minalar əsas fundamental problemlərdir. Hazırda Ağdam regionunun 60, Füzulinin 70, Xocavəndin isə 16%-i minalardan təmizlənib".

Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Urbisiddən Dirçəlişə: Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda dayanıqlı yenidənqurma, məskunlaşma və inkişaf" adlı tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. 

O, işğal zamanı Ağdamda edilən vandalizm hallarından danışıb:

"Ağdamda Cümə Məscidi yeganə məscid idi ki, dağıdılmamışdı, ancaq orada vandalizm nümunələrinə rast gəlinib. Belə ki, məscidin minbərində təhqiramiz sözlər, şəkillər var idi, orada donuzlar saxlanılırdı. 

Həmçinin, Ağdamdakı İmarət Kompleksi Qarbağ xanlığının əsasının qoyulduğu məkandır. Təbii ki, düşmənlər kompleksi, Xanlığın mənsublarının məzarlarını tamamilə məhv edib, başqa məqsədlər üçün istifadə edirdilər. İndi isə bərpa işlərindən sonra ora muzey kimi fəaliyyət göstərir. İşğaldan azad olunduqdan sonra Ağdam canlanıb, biz qürurluyuq ki, qısa bir müddətdə belə bir mənzərəni ərsəyə gətirdik". 

Rəsmi nümayəndə Füzuli şəhərində dağıntıların daha çox olduğunu bildirib: 

"Ağdamda bu məkanın nəyə aid olduğunu müəyyən edə biləcəyimiz bəzi xarabalıqlar var idi, ancaq Füzuli tamamilə məhv edilmiş, şəhər silinmişdi. Bu gün isə orada da canlanma baş verir, Böyük Qayıdış tam sürətlə davam edir, yenidənqurma işləri aparılır. Hazırda Füzulidə 13697 insan yaşayır". 

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin