Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) bülletenlərin 100%-ni emal etməsindən sonra rəsmi nəticələrə görə, Ramzan Kadırov 99,85% səslə yenidən Çeçenistan rəhbəri seçilib.
Bizim.Media “Interfax.ru”ya istinadla xəbər verir ki, seçkilərdə iştirak edən digər iki namizədin — "Ədalətli Rusiya" partiyasından İsmayıl Denilxanov və Kommunist partiyasından (KPRF) Xalid Nakayevin hər birinin isə cəmi 0,05% səs topladığı qeydə alınıb.
Ramzan Kadırov üçün bu birbaşa seçkilər Çeçenistan Respublikasına rəhbərlik etdiyi dövrdə (o, 2007-ci ildən Çeçenistana rəhbərlik edir) üçüncü birbaşa seçki olub. O, 2021-ci il seçkilərində 94,61%-lik seçici fəallığı fonunda 99,7%, 2016-cı ildə isə 94,8%-lik fəallıqla 97,94% səs qazanıb.
Qeyd edək ki, Şimali Qafqaz Federal Dairəsinə daxil olan yeddi regiondan yalnız Çeçenistan və Stavropol diyarında rəhbərlərin birbaşa xalq tərəfindən seçilməsi sistemi saxlanılıb.
Digər bütün respublikalarda (Dağıstan, İnquşetiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz və Şimali Osetiya) respublika rəhbəri Rusiya Prezidentinin təqdimatı əsasında yerli parlament tərəfindən təsdiqlənir.
Bizim.Media



































































































