Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

Hazırda oxunan: Əl barmaqları amputasiya olunan qaziyə niyə əlillik VERİLMİR? – Rəsmi AÇIQLAMA - FOTO

637877

44 günlük Vətən müharibəsində cəmi 3 aylıq əsgər olan Raqil Hüseynov ağır vəziyyətə düşüb. Müharibədən sonra səhhətində ciddi problemlər yaranan Salyan rayon sakini Raqil Hüseynov əmək qabiliyyətini itirib. 

Qeyd edək ki, bədənində ağır yanıq izləri  olan gənc qazinin əl barmaqları da amputasiya edilib. İş qabiliyyətini itirən  qazinin çətin şəraitdə yaşadığı bildirlir. 

Hazırda 24 yaşı olan Raqilin sözlərinə görə, əmək qabiliyyətini itirməsinə baxmayaraq, ona əlillik statusu və müvafiq pensiya ödənişi təyin edilməyib. Müraciətinə isə imtina cavabı verilib.

Sosial şəbəkələrdə 44 günlük Vətən müharibəsində yaralanaraq əmək qabiliyyətini itirən Raqilin vəziyyəti ilə bağlı paylaşımlar edilərək onun hüquqlarının təmin olunması və məsələnin araşdırılması tələb olunur.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəxs əlillik müddəti bitdikdən sonra onun bərpası ilə bağlı müraciət etməyib:

“Salyan rayon sakini 2002-ci il təvəllüdlü Hüseynov Raqil Ağahüseyn oğluna təyin olunan əlillik müddəti 27.05.2026-c il tarixdə başa çatsa da, onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb.
 

Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı  yenidən müvafiq sənədlər (forma-88) elektron sistemə göndərilməlidir ki, əlilliyinin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Raqil Hüseynovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq”, - deyə məlumatda bildirilib.


Qeyd edək ki, İkinci Qarabağ Müharibəsi qazisi Hüseynov Raqil Ağahüseyin oğlu əvvəllər də sosial şəbəkələrdə əlilliyinin bərpa olunmamasından şikayət edib.

O, əlinin amputasiya olunduğunu, iş qabiliyyətini itirdiyini və əmək fəaliyyəti ilə məşğul ola bilmədiyini deyib. Müharibə iştirakçısı ailənin, övladının yeganə ümid yeri əlillik pensiyası olduğunu bildirib.


Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin