Türkiyə xüsusi xidmət orqanları 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampın səfəri zamanı ona qarşı hər hansı sui-qəsd hazırlığı əlaməti aşkar etməyib.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əvvəl “The Wall Street Journal” (WSJ) qəzeti və bir sıra İsrail mediası məlumat yaymışdı ki, yəhudi dövlətinin xüsusi xidmət orqanları İranın Ankarada Trampa qarşı sui-qəsd hazırlaması barədə ABŞ-yə kəşfiyyat məlumatı ötürüb.
“Axios”un qeyd etdiyinə görə, Ankaradakı sui-qəsd təhlükəsi barədə məlumat Türkiyə kəşfiyyatına da təqdim edilib. Lakin bütün halları araşdırdıqdan sonra Türkiyə xüsusi xidmət orqanları Trampa qarşı heç bir sui-qəsd hazırlığının olmadığı qənaətinə gəliblər.
Buna baxmayaraq, portal yazır ki, İsrail tərəfinin xəbərdarlığı ABŞ xüsusi xidmət orqanlarını prezidentin təhlükəsizliyi üçün əlavə tədbirlər görməyə sövq edib. Xüsusilə, məhz bu məlumat Trampın Türkiyədən uçarkən istifadə etdiyi təyyarənin dəyişdirilməsinə səbəb olub.
Daha sonra WSJ öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ rəsmiləri İsraildən gələn və Tehranın Trampa sui-qəsd planlaşdırdığını iddia edən bu məlumatı tam inandırıcı hesab etməyiblər.
Bizim.Media

































































































