Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə daxilindəki revanşist qüvvələrin və müxalifətin fəaliyyətinə qarşı kəskin bəyanatla çıxış edib. Baş nazir Ermənistan parlamentində qondarma rejimin "bayrağının" qaldırılmasını və "Qarabağ hərəkatını" yenidən canlandırmaq cəhdlərini ölkə üçün ciddi təhlükə adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı hökumət başçısının brifinqdəki çıxışına istinadən yayıb.
Nikol Paşinyanın sözlərinə görə, Ermənistanda bu növ rəmzlərin nümayişi və revanşist çağırışlar Azərbaycanda analoji (güzgü effektli) ritorikanın və diskursun yaranmasına rəvac verir ki, bu da İrəvanın maraqlarına zərbə vurur. O qeyd edib ki, son zamanlar ABŞ-dakı Azərbaycan diasporunun kəskin aktivləşməsi məhz Ermənistan daxilindəki bu cür təxribatçı addımlarla birbaşa bağlıdır.
Baş nazir daxili auditoriyaya xəbərdarlıq edərək bu addımların qarşısının sərt şəkildə alınacağını bildirib:
"Bütün bu cür hərəkətlər xalqın cəlb edildiyi yeni bir avantüradır. Mənim hakimiyyətim dövründə bu qəbil addımların qarşısı qətiyyətlə alınacaq", — deyə N. Paşinyan vurğulayıb.
Qeyd edək ki, bu bəyanatdan öncə İrəvanın Fransa meydanında qondarma rejimin "əski parçası"nı yenidən asmağa cəhd göstərən Daşnaksutyun-un iki nümayəndəsinin polis tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı.
Bizim.Media





































































































