Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl səsləndirdiyi "Avrasiya İqtisadi İttifaqı (Aİİ) mövcud olub-olmadığını dəqiqləşdirməlidir" fikrinə aydınlıq gətirib. Hökumətin iclasından sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran baş nazir qurumun gələcəyini ciddi şübhə altına alan bəyanatlarla çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.
Nikol Paşinyan jurnalistin bu vəziyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə müqayisə edən sualına cavab olaraq xatırladıb ki, bir iqtisadi ittifaqın fəaliyyəti malların, işçi qüvvəsinin və maliyyənin sərbəst dövriyyəsi deməkdir. Əgər bu şərtlər yerinə yetirilmirsə, deməli, iqtisadi ittifaq da yoxdur:
"Problemlər bir-iki ay çəkə bilər, lakin bu vəziyyət artıq dördüncü aydır ki, davam edirsə, deməli, Aİİ yoxdur. Əgər yoxdursa, biz nə etməliyik? Yoxdursa, yoxdur da", — deyə N. Paşinyan kinayə ilə bildirib.
Baş nazir, həmçinin vurğulayıb ki, mövcud problemlərə baxmayaraq, Ermənistanın iqtisadi göstəriciləri müsbət dinamika nümayiş etdirir və may ayında ölkədə 11 faizlik iqtisadi aktivlik qeydə alınıb.
Aİİ-dəki mövcud vəziyyətin narahatlıq doğurduğunu etiraf edən Paşinyan, bu problemin digər üzv dövlətləri də düşündürməli olduğunu qeyd edib:
"Əmin olun ki, onlar da narahatdırlar, çünki eyni şeyin onların da başına gələ biləcəyini bilirlər. Bizim Aİİ-dən çıxmaq kimi bir hədəfimiz yoxdur, lakin bu məsələ həll olunmasa, Avrasiya İqtisadi İttifaqının dağılması qaçılmazdır", — deyə Ermənistanın hökumət başçısı xəbərdarlıq edib.
Ekspertlər Paşinyanın bu çıxışını İrəvanın Moskvadan və regional iqtisadi layihələrdən uzaqlaşaraq Qərbə inteqrasiya xəttini davam etdirməsinin növbəti siqnalı kimi qiymətləndirirlər.
Bizim.Media






































































































