Rusiya Federasiyası süni intellekt (Sİ) modellərinin və axtarış sistemlərinin istifadəçilərə verdiyi cavabları manipulyasiya etmək məqsədilə genişmiqyaslı saxta internet resursları şəbəkəsi yaradır.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı daxili sənədlərin sızmasını araşdıran "Bloomberg" agentliyi yayıb.
Agentliyin əldə etdiyi Rusiyanın "Sosial Layihələndirmə Agentliyi"nə məxsus hesabatlarda "Layihə 2026" (Проект 2026) adlı xüsusi proqram təsvir olunub. Bu proqramın məqsədi rəsmi ensiklopediyalar, media orqanları və analitik mərkəzlər adı altında maskalanmış bütöv bir saxta saytlar ekosistemi formalaşdırmaqdır.
Əsas hədəf: Süni intellektin istinad mənbələrini zədələmək
Layihənin əsas vəzifəsi təkcə sosial şəbəkələrdə dezinformasiya yaymaq deyil, həm də böyük dil modellərinin (çatbotların) və axtarış sistemlərinin əsaslandığı informasiya bazalarını "zədələmək"dir.
Plana görə, yaradılan bu saxta resurslar Rusiyayönümlü narrativləri irəli sürməli, zamanla axtarış nəticələrində ön sıralara çıxmalı və nəticədə süni intellekt çatbotlarının istifadəçilərə verdiyi cavabların məzmununu dəyişdirməlidir.
"Bloomberg" bu fəaliyyətə misal olaraq, Ukrayna Prezidenti Vladimir Zelenskinin anasının guya Dubaydakı "Burc Xəlifə" binasında iki mənzil satın alması barədə yayılmış saxta xəbəri göstərib. Layihənin daxili sənədlərində bu uydurma xəbərin ümumilikdə 86 milyon baxış sayına çatdığı fəxrlə qeyd olunub.
Avropa ölkələri və Ermənistan hədəfdədir
Sənədlərə görə, Rusiyanın bu gizli proqramı çərçivəsində Almaniya, Fransa, Böyük Britaniya və Ermənistan kimi ölkələr üçün ayrıca xüsusi layihələr hazırlanıb. Məsələn, Almaniya istiqamətində artıq 200 min saxta internet səhifəsinin yaradıldığı bildirilir. Sənədlərdə hər ay redaktə edilmiş və manipulyasiya olunmuş materiallar vasitəsilə ən azı 6 süni intellekt platformasını "müttəfiq qüvvə kimi təlimatlandırmaq" vəzifəsi qoyulub.
Bizim.Media



































































































